GÜRCÜSTAN AŞIQLARININ HESABAT-SEÇKİ KONFRANSI
Tbilisidə, Yeni Yol Partiyasının iqamətgahında Gürcüstan Aşıqlar Birliyinin ikinci hesabat-secki konfransı keçirilmişdir. Konfransda yerli el sənətkarları ilə yanaşı, Azərbaycan aşıqlarının nümayəndələri də iştirak edirdilər.
Konfrans işinə başlamazdan əvvəl, iştirakçılar dünyasını dəyişmiş Hüseyn Saraclı, Əmrah Gülməmmədov, Xındı Məmməd, Ağacan kimi ustad aşıqların xatirəsini bir dəqiqəlik sükutla andılar.
Gürcüstan Aşıqlar Birliyinin sədri Osman Əhmədoğlu hesabat məruzəsi ilə çıxış edərək, əvvəlki konfransdan bəri görülmüş işlər barədə məlumat verdi.
Gürcüstan mədəniyyət nazirinin müavini Svetlana Keçba ölkə Prezidenti Eduard Şevardnadzenin təbrikini konfrans iştirakçılarına yetirdi və onlara uğurlar arzuladı.
Türkiyənin və Azərbaycanın Tbilisidəki səfirləri Fatma Dəclə Kopuz və Hacan Hacıyev, Yeni Yol Partiyasının sədri Kamal Muradxanov, folklorşünas Elxan Məmmədli və başqaları çıxış edərək, Borçalı aşıq məktəbi yetirmələrinin təkcə Qafqazda deyil, bütün türk dünyasında məşhur olduqlarını, bu məktəbin ənənlərinin indi də layiqincə davam etdirildiyini vurğuladılar.
Sonra Gürcüstan Aşıqlar Birliyi rəhbərliyinin seçkisi oldu. Osman Əhmədoğlu yekdilliklə yenidən birliyin sədri seçildi.
Şahismayıl Məmmədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi