Gürcüstan Azərbaycanlıları Konqresi Zəfər Günü münasibətilə dünya azərbaycanlılarını təbrik edib
Tbilisi, 8 noyabr, AZƏRTAC
Gürcüstan Azərbaycanlıları Konqresi (GAK) 8 Noyabr - Zəfər Günü münasibətilə dünya azərbaycanlılarını təbrik edib.
Bu barədə AZƏRTAC-a GAK-nin sədri Hüseyn Yusubov məlumat verib.
Təbrikdə Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Qarabağın tacı olan Şuşa şəhərinin uzun həsrətdən sonra 2020-ci il noyabrın 8-də işğaldan azad edildiyi bildirilib. Bu gün Azərbaycanda və dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların 8 Noyabr - Zəfər Gününü təntənəli şəkildə qeyd etdikləri vurğulanıb. GAK bu bayram münasibətilə başda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev olmaqla Azərbaycan xalqını və dünya azərbaycanlılarını, bütün Türk dünyasını təbrik edib. Türk dünyasına bu Qələbə sevincini yaşadan Azərbaycan Ordusunun qəhrəmanlığı minnətdarlıqla qeyd olunub, şəhidlərə Allahdan rəhmət, qazilərə şəfa dilənib.
Bu gün Xankəndidə Qələbə paradının keçirilməsinin xüsusilə qürurverici olduğunun vurğulandığı təbrikdə bildirilib: “İkinci Qarabağ müharibəsində 24 nəfər Gürcüstan əsilli eloğlumuz şəhidlik zirvəsinə yüksəlib. Xüsusi vurğulamaq istərdik ki, dünyaya örnək olacaq Saraçlı kəndimiz Qarabağın azadlığı uğrunda müharibələrdə 6 şəhid verib. Hər bir azərbaycanlı kimi biz - Gürcüstan azərbaycanlıları bu Qələbə ilə fəxr edirik”, - deyə təbrik məktubunda vurğulanıb.
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi