GÜRCÜSTANDA AZƏRBAYCAN DÖVLƏT NEFT ŞİRKƏTİNİN TERMİNALININ TƏNTƏNƏLİ AÇILIŞI OLMUŞDUR
Xəbər verdiyimiz kimi, mayın 16-da Gürcüstanın Kulevi yaşayış məntəqəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qara dəniz terminalı”nın təntənəli açılış mərasimi olmuşdur. Mərasimdə Baş nazir Artur Rasizadənin rəhbərliyi ilə Azərbaycanın və Prezident Mixail Saakaşvilinin başçılığı ilə Gürcüstanın nümayəndə heyətləri iştirak etmişlər.
Azərbaycanın və Gürcüstanın dövlət himnləri səslənmişdir.
ARDNŞ-in prezidenti Rövnəq Abdullayev mərasimi açaraq demişdir ki, istifadəyə verilən bu terminal Azərbaycan xalqının ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevin neft strategiyasının təntənəsinin daha bir təzahürüdür. Görkəmli dövlət xadimi Heydər Əliyevin 85 illik yubileyinin dünyanın bir çox ölkələrində olduğu kimi, Gürcüstanda da təntənəli şəkildə qeyd olunması qədirbilən gürcü xalqının Azərbaycan xalqının ümummilli liderinin şəxsiyyətinə göstərdiyi böyük hörmət və məhəbbətdən qaynaqlanır.
R.Abdullayev hər iki ölkənin prezidentlərinə layihənin həyata keçirilməsində göstərdikləri qətiyyətə və hərtərəfli dəstəyə görə minnnətdarlığını bildirmişdir.
Sonra Azərbaycanın Baş naziri ARTUR RASİZADƏ çıxış edərək demişdir:
- Möhtərəm Gürcüstan Prezidenti cənab Saakaşvili!
Hörmətli xanımlar və cənablar!
İcazə verin, əvvəlcə sizin hamınızı - Kulevi dəniz neft terminalının təntənəli açılışına toplaşmış bütün iştirakçıları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin adından və şəxsən öz adımdan səmimi salamlayım.
Kulevidə terminalın tikilib istismara verilməsi Azərbaycan və Gürcüstanın iqtisadi potensialının artımasına, əlaqələrimizin möhkəmlənməsinə parlaq sübutdur.
Son illər ölkələrimiz bir çox nailiyyətlər qazanmışdır. Azərbaycanın iqtisadiyyatı yüksək sürətlə dinamik inkişaf edir. Bu isə qarşımızda yeni imkanlar açır və daha iri layihələrin həyata keçirilməsinə şərait yaradır. İndi Azərbaycan Dövlət Neft Şirkəti nəinki respublika daxilində, hətta onun hüdudlarından kənarda da investisiya qoymaq imkanına malikdir. Biz bunu Kulevi terminalının timsalında görürük.
Gürcü dostlarımızın da uğurları bizi sevindirir. Gürcüstan iqtisadiyyatının, ölkənin infrastrukturunun inkişafı üçün çox işlər görüldüyünü bilirik. Biz hər dəfə Gürcüstana gələndə bu həqiqətlərin şahidi oluruq.
Beynəlxalq əhəmiyyətli nəhəng Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum, qaz kəmərləri Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi kimi, Kulevi terminalı da nəinki bizim ölkələrimizin, habelə bütün regionun tranzit imkanlarının genişləndirilməsi baxımından çox böyük əhəmiyyət kəsb edir. Bütün bunlar ilk növbədə, hər iki ölkənin ali rəhbərlərinin siyasi iradəsi və qətiyyəti sayəsində mümkün olmuşdur.
Böyük potensial gücə malik və ən müasir texniki vasitələrlə təchiz olunmuş terminalın fəaliyyəti perspektiv inkişaf üçün nəzərdə tutulmuşdur. Biz əminik ki, bu layihə səmərəli olacaq və mühüm alternativ nəqliyyat marşrutlarından birinə çevriləcəkdir.
Bu iri layihələrin timsalında biz bir daha əmin oluruq ki, ənənəvi dostluq və mehriban qonşuluq münasibətlərinə əsaslanan qarşılıqlı surətdə faydalı əməkdaşlıq və tərəfdaşlıq prinsipləri ölkələrimiz arasında iqtisadi yüksəlişə stimul verən, inteqrasiya proseslərinin müvəffəqiyyətini təmin edən mühüm amildir.
Göstərdiyi diqqətə və təntənəli mərasimdə şəxsən iştirakına görə mən xüsusən Gürcüstan Prezidenti cənab Saakaşviliyə dərin hörmətimi ifadə edirəm. Layihənin reallaşmasında lazımi şərait yaratmış Gürcüstan hökumətinə təşəkkürümü bildirirəm.
Mən həmçinin terminalın tikintisində, maliyyələşməsində və təchizatında əməyi olan bütün insanlara minnətdarlıq edirəm.
Əminəm ki, xalqlarımızın rifahı naminə biz gələcəkdə daha böyük layihələrin həyata keçirilməsinin şahidi olacağıq.
Hamınıza işlərinizdə uğurlar, xoşbəxtlik və əmin-amanlıq arzulayıram.
Mərasimdə çıxış edən Gürcüstan Prezidenti MİXAİL SAAKAŞVİLİ iki qonşu, sülhsevər xalq arasında olan sıx dostluq və qardaşlıq münasibətlərindən məmnunluğunu bildirmiş, bu əlaqələrin regionun inkişafında mühüm rol oynadığını vurğulamışdır.
M.Saakaşvili demişdir ki, bu gün açılışına toplaşdığımız terminal sübut edir ki, dostum və qardaşım Prezident İlham Əliyevlə planlaşdırdığımız layihələr uğurla həyata keçirilir. Terminalın açılışı Gürcüstan-Azərbaycan iqtisadi münasibətlərinin daha da inkişafı yolunda növbəti uğurlu addımdır. Gürcüstanın Sameqrelo bölgəsində iqtisadi çətinliklərlə, işsizliklə üzləşən əhalinin rifahının yaxşılaşdırılmasında bu terminal mühüm rol oynayacaqdır. İşsizliyin aradan qaldırılmasının başlıca məqsəd olduğunu vurğulayan Gürcüstan Prezidenti tarixi Kolxetidə yerləşən bu terminalın ölkəsinin iqtisadi inkişafına, bölgədə inteqrasiya məsələlərinə xidmət göstərəcəyinə əmin olduğunu bildirmişdir. O, Gürcüstanın Azərbaycanla birgə Asiya ilə Avropa arasında böyük dəhliz rolunu yerinə yetirdiyini bunun Gürcüstanda çoxlu sayda adamın işlə təminatına şərait yaratdığını vurğulamışdır.
Gürcüstan Prezidenti BMT-nin Abxaziya ilə bağlı qətnamə qəbul etdiyi zaman göstərdiyi dəstəyə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirmiş və bunun əsl dostluq nümunəsi olduğunu demişdir.
Prezident Mixail Saakaşvili bildirmişdir ki, bu gün bizim üçün xoşbəxt gündür. Gürcüstan dəhliz ölkəsindən sərmayələrin cəlb olunduğu ölkəyə çevrilir. Dostumuz Azərbaycanın zəngin təbii ehtiyatı var, bizim isə qabiliyyətli, peşəkar mütəxəssislərimiz. Neçə illərdir Gürcüstanda dəmir yolu çəkilməyib, indi buraya yeni dəmir yolu xətti çəkilmiş, yollar bərpa edilmişdir. Biz bilirik, Azərbaycan sürətlə inkişaf edir, Bakı tikilir, böyüyür. Oraya səfər edənlər ölkənin inkişafından məmnun qalırlar. Tarixən olduğu kimi, indi də Azərbaycanla birgə irəliləyib yeni zirvələrə qalxacaq, xalqlarımızı sevindirəcəyik.
Gürcüstanın Baş naziri VLADİMİR QURQENİDZE çıxışında bildirmişdir ki, terminal ölkədə yeni müəssisələr yaradılmasına imkan verəcəkdir ki, bu da əlavə olaraq 1000 nəfərin işlə təmin edilməsi deməkdir. Gürcüstanın Baş naziri vurğulamışdır ki, burada iqtisadi mənfəətdən əlavə, ən əsası Gürcüstanla Azərbaycanın enerji dəhlizi funksiyasını yerinə yetirərək regionun təhlükəsizliyinin təmin edilməsinə göstərdikləri xidmətdir.
Baş nazir Artur Rasizadə və Prezident Mixail Saakaşvili terminalın açılışını bildirən rəmzi qırmızı lenti kəsdikdən sonra tədbir iştirakçıları burada yaradılmış iş şəraiti ilə, texniki imkanlarla tanış olmuşlar. Bildirilmişdir ki, Kulevi terminalının çən parkının ümumi tutumu 320 min kubmetrdir. Burada yeni inşa edilmiş 4 dəmir yolu xətti eyni vaxtda 168 vaqon - çənin yükünü boşaltmağa inkan verir. Ümumi sahəsi 95 hektar ərazidə yerləşən terminalda 20 min tonluq 16 ədəd çən var ki, bunlarda da həm xam neft, həm dizel yanacağı, həm də mazut toplanması mümkündür. Terminalın 3 yanalma körpüsü var və bunlar tutumu 100-150 min tonadək olan tankerləri qəbul etməyə imkan verəcəkdir. İlkin mərhələdə terminal ildə 10 milyon tonadək neft və neft məhsulu qəbul edib, yola sala biləcəkdir. İki il ərzində terminalın buraxıcılıq qabiliyyəti 15-20 milyon tonadək artırılacaqdır. Yenidənqurma işləri aparılarkən Tbilisi-Poti dəmir yolu magistralı ilə Kulevini birləşdirən 14 kilometr uzunluğunda yeni dəmir yolu çəkilmiş, daxili yollar bərpa edilmişdir. Layihənin həyata keçirilməsində 2500-dən çox adam çalışmışdır. Hazırda terminalda 600-dək işçi çalışır. Gələcəkdə terminalın tutumunun 380 min kubmetrə çatdırılması, quru yüklərin və mayeləşdirilmiş qazın qəbulu üçün də əlavə işlərin görülməsi nəzərdə tutulur.
Mərasim maraqlı konsert proqramı ilə başa çatmışdır.
######
![]() |
![]() |
![]() |
![]() |
![]() |




