Gürcüstanda azərbaycanlı və gürcü gənclərin yeni əməkdaşlıq platforması yaradılıb
Tbilisi, 30 mart, AZƏRTAC
Gürcüstanda “Gənclərin Azərbaycan-Gürcü Sosial-Mədəni Platforması” yaradılıb.
AZƏRTAC xəbər verir ki, martın 30-da Gürcüstanın Milli Parlament Kitabxanasında platformanın təqdimatı olub.
Tədbirdə Gürcüstan parlamentinin deputatları Mahir Dərziyev, Ruslan Hacıyev, Kvemo Kartli bölgəsinin qubernatorunun müavini Zaur Darğallı, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, azərbaycanlı və gürcü gənclər, ziyalılar iştirak ediblər.
Platformanın azərbaycanlı həmtəsisçisi, Marneulidəki İnkişaf və Təhsil Mərkəzinin rəhbəri Emin Əhmədov bildirib ki, əsas məqsəd azərbaycanlı və gürcü gənclər arasında dostluq, əməkdaşlıq və mədəni əlaqələri inkişaf etdirməkdir. Onun sözlərinə görə, platforma azərbaycanlı gənclərin Gürcüstan cəmiyyətinə, mədəni həyatına inteqrasiyasına və ölkələr arasında mədəni əlaqələrin inkişafına töhfə verəcək. Bildirilib ki, platformada, ümumilikdə, 12 qeyri-hökumət təşkilatı təmsil olunur. Yeni əməkdaşlıq formatı 2019-2021-ci illər ərzində fəaliyyət göstərəcək və üç il ərzində format çərçivəsində müxtəlif sərgilər, görüşlər, dəyirmi masalar və digər tədbirlər keçiriləcək. Gələcəkdə Nizami Gəncəvi və Şota Rustavelinin yaradıcılıqlarına həsr olunmuş ədəbi-bədii gecənin keçirilməsi də planlaşdırılır.
Platformanın gürcü həmtəsisçisi, Gürcüstanın Mədəniyyət Akademiyasının sədri, akademik Şota Mağlakelidze deyib ki, əməkdaşlığın yeni formatı olan platformanın yaradılması təşəbbüsünü gənclər irəli sürüblər. Yeni platforma Gürcüstan ilə Azərbaycan arasında dostluq, sosial və mədəni əlaqələrin inkişafı və daha da dərinləşdirilməsi istiqamətində irəliyə atılmış addımdır. Əməkdaşlıq formatı gürcü və azərbaycanlılar arasında mədəni körpü rolunu oynayacaq.
Sonra platformada təmsil olunan təşkilatların rəhbərləri əməkdaşlıq haqqında sənəd imzalayıblar.
Tədbir çərçivəsində azərbaycanlı və gürcü rəssamlar - Rizvan İsmayıl və İvane Kezuanın əsərlərindən ibarət sərgi də təşkil olunub.
Mərasim azərbaycanlı və gürcü gənclərin iki ölkənin klassik, milli musiqilərinin canlı ifası ilə davam etdirilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi