Gürcüstanda ictimai yerlərdə tütündən istifadə qadağan olunub
Tbilisi, 1 may, AZƏRTAC
Mayın 1-dən Gürcüstanda tütündən istifadəyə tətbiq olunan qadağa qüvvəyə minib.
AZƏRTAC xəbər verir ki, bunu Gürcüstanın səhiyyə naziri David Sergeyenko mayın 1-də jurnalistlərə müsahibəsində deyib.
Nazir bildirib ki, Gürcüstanda ictimai yerlərdə tütündən istifadəyə qadağa bu günə qədər də mövcud olub. Lakin cərimələrin məbləği çox az idi və demək olar ki, tətbiq olunmurdu.
2017-ci ilin mayında “Tütünə nəzarət haqqında” qanuna dəyişikliklər olunub. Yeni dəyişikliklərdə həm tütündən istifadənin qadağan olunduğu yerlərin siyahısı genişləndirilib, həm də cərimələrin məbləği artırılıb.
“Tütünə nəzarət haqqında” qanuna edilmiş dəyişikliklərə əsasən xüsusi təyinatlı istənilən bina, bar və restoranlar, ictimai nəqliyyat, təhsil müəssisələri və yeniyetmələrin olduğu yerlər, tibbi və əczaçılıq müəssisələrinə yaxın ərazilər, yanacaqdoldurma məntəqələri və stadionlarda siqaret çəkmək qadağan olunur.
Qapalı yerlərdə siqaret çəkməyə görə cərimə tütün istifadəçisi üçün 100 GEL (40 dollar), restoran və kafe sahibləri üçün isə 500 GEL (200 dollar) təşkil edəcək. Qanun pozuntusu ikinci dəfə təkrar olunduqda cərimənin məbləği 2 dəfə artacaq.
Cərimələr elektron siqaret istifadəçilərinə də şamil olunacaq.
İctimai, hava və dəniz nəqliyyatının əməkdaşları və sahibləri də qanunun qaydalarını pozacağı təqdirdə 500 GEL məbləğində cərimə olunacaqlar. Qanun pozuntusu yenidən qeydə alındığı halda, cərimələrin miqdarı 1000 GEL olacaq.
Qanunda tütündən istifadəyə qadağanın tətbiq olunmayacağı ərazilər də aydın göstərilib.
Taksi və kater, fiziki şəxslərin evləri, kazino, müvəqqəti saxlama yerləri və penitensiar müəssisələr, xüsusi laboratoriyalar, siqar barları, xüsusi icazə əsasında stasionar klinika, hava limanlarında tranzit zonalar və siqaret çəkənlər üçün ayrılmış xüsusi yerlərdə tütündən istifadə azaddır.
Qanunun icrasına Gürcüstanın Daxili İşlər və Maliyyə nazirlikləri nəzarət edəcəklər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi