DÜNYA
Gürcüstanda parlament seçkiləri ilə əlaqədar 42 xarici ölkədə 60 seçki məntəqəsi yaradılacaq
Tbilisi, 29 sentyabr, AZƏRTAC
Oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkiləri ilə əlaqədar xarici ölkələrdə 2020-ci il parlament seçkiləri ilə müqayisədə daha çox seçki məntəqəsi açılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.
Bildirilir ki, oktyabrın 26-da 42 xarici ölkədə 60 seçki məntəqəsi xaricdəki seçicilərə xidmət göstərəcək.
Yeni məntəqələrin açılacağı ölkələr siyahısında Birləşmiş Ərəb Əmirlikləri, Finlandiya, Koreya Respublikası, Yaponiya və Avstraliyanın adları yer alıb.
Qeyd edilir ki, qanuna əsasən, xaricdə seçki məntəqəsi konsulluq qeydiyyatındakı ən azı 50 və 3000-dən çox olmayan seçici üçün yaradılır.
Ölkənin seçki qanunvericiliyində xaricdə yaşayan Gürcüstan vətəndaşlarının seçkilərdə iştirakı üçün başqa qaydalar nəzərdə tutulmayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi