Gürcüstanda qeyd olunan “Tbilisoba” bayramı və onun xüsusiyyətləri
Tbilisi, 24 mart, AZƏRTAC
Gürcüstanda qeyd olunan milli bayramlardan biri də “Tbilisoba” bayramıdır. 1979-cu ildə əsası qoyulmuş bu bayramı digər əlamətdar hadisələrdən fərqləndirən xüsusiyyətlərdən biri də həmin gün yerli və ya xarici ölkə vətəndaşlarından seçilmiş şəxslərə “Tbilisinin fəxri vətəndaşı” adının verilməsidir.
AZƏRTAC xəbər verir ki, “Tbilisinin fəxri vətəndaşı” adını alan xarici ölkə vətəndaşları sırasında azərbaycanlılar da var.
“Tbilisoba” bayramı və “Tbilisinin fəxri vətəndaşı” adının verilməsi ənənəsi 1988-ci ildən 1995-ci ilə qədər dayandırılıb. Lakin 1995-ci ildə “Tbilisoba” bayramının təntənəli keçirilməsi bərpa olunub və fəxri adın verilməsi də bayramın tərkib hissəsi kimi davam etdirilib.
Tbilisi şəhər meriyasından bildiriblər ki, “Tbilisinin fəxri vətəndaşı” adı müxtəlif sahələrdə fəaliyyət göstərən Gürcüstan vətəndaşlarına ölkə qarşısındakı xüsusi xidmətlərə, ölkənin rifahı naminə faydalı fəaliyyətə və yüksək peşəkarlığa görə verilir. Tbilisi şəhər meriyası 2017-ci ilin oktyabrında “Tbilisinin fəxri vətəndaşları 1979-2016” adlı kitab nəşr etdirib. Kitabda Gürcüstanın yerli vətəndaşları ilə yanaşı, xarici ölkə vətəndaşlarının da adları var. Xarici ölkə vətəndaşları bu ada Gürcüstan və Tbilisi qarşısında xüsusi xidmətlərə görə layiq görülüblər. “Tbilisinin fəxri vətəndaşı” adını daşıyan vətəndaşlara diplomla yanaşı, şəhərin simvolik açarı da təqdim olunur.
Tbilisinin fəxri vətəndaşları arasında elm, mədəniyyət, incəsənət, siyasət və iqtisadiyyat sahələrində xüsusilə fərqlənən beş Azərbaycan vətəndaşı da var. Onların həyat və fəaliyyətləri barədə məlumatlar “Tbilisinin fəxri vətəndaşları 1979-2016” adlı kitabda yer alıb.
“Tbilisinin fəxri vətəndaşı” adını alan ilk azərbaycanlı bu şəhərdə anadan olmuş görkəmli dirijor və bəstəkar, SSRİ Xalq Artisti Niyazi olub. O, bu ada 70 illik yubileyi münasibətilə 1982-ci ildə layiq görülüb.
Gürcüstan paytaxtının ikinci azərbaycanlı fəxri vətəndaşı məşhur müğənni, SSRİ Xalq Artisti və Gürcüstanın Əməkdar İncəsənət Xadimi Rəşid Behbudovdur. Ona bu fəxri ad 1987-ci ildə verilib.
Fəxri vətəndaşlar arasında Azərbaycanın hazırkı vergilər naziri Mikayıl Cabbarovun da adı var. O, bu ada 2009-cu ildə Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi olarkən layiq görülüb.
Azərbaycanlı iş adamı Şahin Mövsümov da Tbilisinin fəxri vətəndaşıdır. O, Gürcüstanda fəaliyyət göstərən “AS Georgia” şirkətinin təsisçisidir. Ş.Mövsümov 2012-ci ildən “Tbilisinin fəxri vətəndaşı”dır.
Gürcüstan paytaxtının beşinci azərbaycanlı “fəxri vətəndaşı” Azərbaycanın Xalq Artisti, ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğludur. Fəxri ad ona 70 illik yubileyi münasibətilə 2015-ci ildə verilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi