Gürcüstanın Baş Naziri müsəlman icmasının nümayəndələri ilə görüşüb
Tbilisi, 31 iyul, AZƏRTAC
Gürcüstanın Baş Naziri Giorgi Qaxariya müqəddəs Qurban bayramı ilə əlaqədar ölkənin müsəlman dini liderləri ilə görüşüb.
Gürcüstanın Hökumət Dəftərxanasından AZƏRTAC-a bildiriblər ki, Baş Nazir müsəlman icmasını müqəddəs Qurban bayramı münasibətilə təbrik edib, xoş arzularını çatdırıb.
Baş Nazir deyib: “Gürcüstanın gücü onun müxtəlifliyindədir. Biz həmişə müxtəlifliyi qoruyub saxlamışıq və bundan sonra da onun qayğısına qalacağıq”.
Onun sözlərinə görə, Gürcüstanda bütün dinlərin nümayəndələrinin ölkənin gələcəyi naminə çalışması çox önəmlidir.
“Biz bu ölkəni bir yerdə qururuq və gələcəyi üçün birgə işlər görürük”, - deyə Baş Nazir vurğulayıb.
Hökumət başçısı müsəlmanlara uğurlar, cansağlığı və firavanlıq arzulayıb.
Müsəlman icmasının üzvləri hacı Ramin İgidov, müfti Adam Şantadze və başqaları çıxış edərək diqqət və təbriklərə görə, Gürcüstan hökumətinin başçısına minnətdarlıq ediblər.
Bildirilib ki, Gürcüstanın müsəlman icmasının üzvləri bu ölkənin vətəndaşlarıdır və dövlətin daha da möhkəmlənməsi, demokratik inkişafı üçün səylə çalışırlar.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi