Gürcüstanın Laqodexi və Saqoreci rayonlarındakı soydaşlarımıza ərzaq yardımı edilib
Tbilisi, 8 may, AZƏRTAC
Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi ölkənin daha iki rayonuna humanitar yardım edib.
Mərkəzin icraçı direktoru Aygül İsayeva AZƏRTAC-a bildirib ki, müxtəlif növ ərzaq məhsullarından ibarət olan bağlamalar Gürcüstanın Saqareco və Laqodexi rayonlarında yaşayan 200 aztəminatlı azərbaycanlı ailəyə çatdırılıb.
Hər iki rayonun rəhbərliyi göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.
Mərkəz bundan əvvəl də Gürcüstanın Marneuli rayonunda 250, Bolnisidə 150, Telavidə 100 ailəyə yardım edib.
Məlumat üçün qeyd edək ki, Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi 2019-cu il aprelin 3-də Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Gürcüstanın Marneuli rayonunda fəaliyyətə başlayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi