Gürcüstanın “Maestro TV” və “Saperavi TV” kanalları “Azerspace-1” peyki üzərindən yayıma başlayıb
Bakı, 4 fevral, AZƏRTAC
Cənubi Qafqazın yeganə peyk operatoru olan “Azərkosmos” ASC Gürcüstanın “Maestro TV” və “Saperavi TV” kanalları ilə kommersiya yayımınna dair müqavilə imzalayıb.
“Azərkosmos” ASC-dən AZƏRTAC-a bildirilib ki, müqaviləyə əsasən, kanallar 2016-cı ildən etibarən “Azerspace-1” peyki üzərindən 11095/H/27500 tezliyi ilə yayımlanmaqdadır.
Qeyd edək ki, “Maestro TV” kanalı 1995-ci ildə təsis edilib. Gürcüstan əhalisi arasında populyar olan bu kanal vasitəsilə gürcü dilində əsasən, ictimai, siyasi, iqtisadi, idman, musiqi, mədəniyyət və uşaq verilişləri, sənədli filmlər və seriallar nümayiş olunur.
“Saperavi TV”də isə qədim gürcü adət-ənənələrini əks etdirən proqramlar yayımlanır.
Peyk operatoru, həmçinin, Türkiyənin “RS FM” radio kanalı ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən, musiqi və informasiya proqramlarının səsləndirildiyi radio kanal Azerspace-1 peyki üzərindən 2016-cı ilin fevral ayından etibarən 11135/H/27500 tezliyi ilə yayımlanacaq.