Hacıqabulda “Milli baş geyimi və örtükləri” layihəsi çərçivəsində növbəti tədbir keçirilib
Bakı, 25 iyul, AZƏRTAC
“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin “Milli baş geyimi və örtükləri” layihəsi çərçivəsində təşkil etdiyi növbəti maarifləndirici-mədəni tədbiri Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Hacıqabul Rayon Mədəniyyət Mərkəzində keçirilib.
İctimai Birlikdən AZƏRTAC-a məlumat verilib ki, tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və videoçarxın nümayişi ilə başlayıb.
Tədbiri layihənin rəhbəri və aparıcısı, İctimai Birliyinin sədri Güllü Alıyeva açaraq layihə çərçivəsində görülən işlər barədə geniş məlumat verib. O bildirib ki, bu layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə kiçik qrant müsabiqəsinin qalibi olub. Layihənin əsas məqsədi Azərbaycan xalqının qədim və zəngin geyim mədəniyyətinin mühüm tərkib hissəsi olan kişi və qadın baş geyimlərinin – kəlağayı, papaq, araqçın, örpək və digər ənənəvi örtüklərin tədqiqi, təbliği və gələcək nəsillərə ötürülməsidir.
Tədbirdə Hacıqabul Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Xuraman Məmmədova, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Hacıqabul rayon üzrə nümayəndəsi Dövran Həsənov və digər şəxslər iştirak ediblər.
Tədbir çərçivəsində Azərbaycanın kişi və qadın baş geyimlərindən ibarət sərgi nümayiş olunub.
Layihə çərçivəsində növbəti tədbirlərin Saatlı və Kürdəmir rayonlarında keçirilməsi nəzərdə tutulur.