Halal investisiya və sukuk bazarının yaradılması ölkəyə xarici investorların marağını artıra bilərmi?
Bakı, 15 may, AZƏRTAC
Azərbaycanda sukuk bazarının inkişafı istiqamətində Azərbaycan Mərkəzi Bankı tərəfindən qanunvericilik bazasının təkmilləşdirilməsi üzrə işlər aparılır. Bu məsələ, həmçinin ölkədə maliyyə sektorunun inkişafına dair 2024–2026-cı illəri əhatə edən dövlət proqramında da öz əksini tapıb.
İqtisad üzrə fəlsəfə doktoru, İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev AZƏRTAC-a açıqlaması zamanı bildirib ki, həmin proqram çərçivəsində islam qiymətli kağızlar bazarının, xüsusilə sukuk alətlərinin inkişafı prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib.
“Qiymətli kağızlar bazarına həm səhm bazarı, həm də sukuk alətləri daxildir. Sukuk mahiyyət etibarilə istiqrazlara bənzəsə də, onlar şəriət prinsiplərinə uyğun şəkildə emissiya olunur. Dünya təcrübəsində halal fəaliyyət prinsiplərinə uyğun açıq səhmdar cəmiyyətlərin ayrıca siyahıları formalaşdırılır. Azərbaycanda da belə şirkətlərin müəyyənləşdirilməsi və ön plana çıxarılması nəzərdə tutulur. Məqsəd həm yerli, həm də xarici investorların bu şirkətlərin səhmlərinə marağını artırmaq və onların kapital bazarları vasitəsilə maliyyə resursları cəlb etməsinə şərait yaratmaqdır. Digər mühüm məqamlardan biri isə Bakı Fond Birjası ilə Dubai Fond Birjası arasında 2025-ci ildə əməkdaşlıq sənədlərinin imzalanmasıdır. Bu əməkdaşlığın əsas məqsədi Azərbaycan və Körfəz regionu investorlarının gələcəkdə emissiya olunacaq sukuk alətlərindən qarşılıqlı şəkildə faydalana bilməsidir. Belə əməkdaşlıq perspektivdə Azərbaycanda buraxılacaq sukukların Körfəz ölkələrinin investisiya şirkətləri tərəfindən alınmasına və iri layihələrə investisiya yönəldilməsinə imkan yaradacaq”, - deyə ekspert əlavə edib.
R.Atakişiyevin fikrincə, sukuk alətləri xarici investisiyaların cəlbi baxımından xüsusi əhəmiyyət daşıyır: “Bu alətlər həm kapital bazarlarının genişlənməsi, həm də investisiya axınlarının diversifikasiyası baxımından mühüm rol oynaya bilər. Bununla yanaşı, İslam İnkişaf Bankı tərəfindən Azərbaycan hökumətinə sukuk bazarının inkişafı, qanunvericiliyin təkmilləşdirilməsi və müvafiq mühitin formalaşdırılması istiqamətində texniki dəstək göstərilir. Bu məqsədlə 200 min dollardan artıq vəsait ayrılıb. Hazırda bu çərçivədə müvafiq işlər aparılır və yaxın perspektivdə qanunvericiliyə dəyişikliklərlə bağlı hökumətə məsləhət paketinin təqdim olunacağı gözlənilir”.