Hande Harmancı: Pandemiya hələ bitməyib, virus hələ bizimlədir
Bakı, 1 may, AZƏRTAC
İnsanlar pandemiya bitdi deyərək köhnə həyatlarına qayıdarlarsa, xəstə sayında artım olacaq.
AZƏRTAC xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı bu gün keçirdiyi onlayn mətbuat konfransında Azərbaycanda karantin rejiminin yumşaldılmasına münasibət bildirərək deyib. O, karantin rejiminin bütün ölkələrdə iqtisadiyyata mənfi təsirindən danışıb.
“Əhali bilməlidir ki, COVID-19 xəstəliyi uzunmüddətli prosesdir. Bu səbəbdən mövcud qaydalara riayət olunması və zəruri profilaktik tədbirlərin davam etdirilməsi vacibdir. İnsanlar ən sadə qaydalara - ən azı 1 metrlik məsafəni saxlamağa, əl gigiyena qaydalarına riayət etməyə və maska taxmağa davam etməlidirlər,” - deyib.
Yumşalma tədbirlərinin zəruri olduğunu bildirən ÜST təmsilçisi, karantin rejiminin yumşaldılması ilə əlaqədar əhalidə təhlükənin sovuşduğu əhval-ruhiyyəsi yarandığını və bu səbəbdən virusdan qorunmaq qaydalarına riayət edilməsə təxminən 7-10 gün sonra xəstə sayında artım ola biləcəyini söyləyən H.Harmancı hesab edir ki, bu halda xüsusi karantin rejiminin uzadılmasından söhbət gedə bilər.