Hansı ixtisas sahibi özəl məhkəmə eksperti kimi fəaliyyət göstərə bilər?
Bakı, 15 may, AZƏRTAC
“Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ali təhsilli və müəyyən ekspertiza ixtisası üzrə xüsusi biliklərə malik Azərbaycan vətəndaşları məhkəmə eksperti kimi fəaliyyət göstərə bilərlər. Lakin ikili vətəndaşlığı və ya digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, cinayət törətdiyinə görə məhkum olunmuş, barəsində ekspertiza fəaliyyəti ilə məşğul olma hüququndan məhrumetmə və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı çıxarılmış, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş şəxslər məhkəmə eksperti ola bilməzlər.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, qanunvericiliyin tələblərinə cavab verən və özəl məhkəmə eksperti kimi fəaliyyət göstərmək istəyən şəxslər özəl məhkəmə eksperti şəhadətnaməsini almaq üçün aşağıdakı tələblərdən birinə cavab verdiyini təsdiq edən sənədləri təqdim etməlidirlər:
- ekspert qismində fəaliyyət göstərmək istədiyi ixtisas üzrə ən azı 10 il işlədiyini;
- ekspert qismində fəaliyyət göstərmək istədiyi ixtisas üzrə fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsinin olduğunu;
- xüsusi biliklərə malik olduğunu təsdiq edən beynəlxalq səviyyədə tanınan sənədlərinin (diplom, sertifikat və sair) mövcudluğunu.
Şəxsin xüsusi biliklərə malik olduğunu təsdiq edən beynəlxalq səviyyədə tanınan sənədlərin siyahısı Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən olunur. Özəl məhkəmə eksperti kimi fəaliyyət göstərmək istəyən şəxslər şəhadətnamə almaq üçün həmin siyahıda olmayan sənəd təqdim etdikdə, həmin sənədin siyahıya daxil edilməsi məsələsi araşdırılır və bu sənəd siyahıya daxil olunduğu halda ona şəhadətnamə verilməsi üçün əsas qismində çıxış edir.
“Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanuna əsasən, məhkəmə-tibb, məhkəmə-psixiatriya, məhkəmə-ballistik, məhkəmə partlayış-texniki, pul nişanları və qiymətli kağızların, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman vasitələrinin və dərman maddələrinin məhkəmə ekspertizaları özəl məhkəmə ekspertləri tərəfindən həyata keçirilə bilməz.
Müxbir - Günel Türksoy