Həkim: Paraproktit xəstələri üçün cərrahi əməliyyatdan sonrakı dövrdə aparılan müalicə olduqca önəmlidir
Bakı, 16 fevral, AZƏRTAC
“Düz bağırsaq ətrafındakı piy toxumasında həmin nahiyəyə keçən infeksiya nəticəsində yaranan iltihabi prosesə paraproktit deyilir. Ümumiyyətlə, düz bağırsaq dedikdə, mədə-bağırsaq yolunun ən son hissəsi başa düşülür. Bu hissədə müxtəlif xəstəliklər müşahidə olunur. Həmin xəstəliklərin bir qismi nəticəsində bağırsaq divarının iç qatının tamlığı pozulur, yəni zədələnir. Paraproktit həm də bağırsaq divarının, bağırsaqətrafı toxumanın travması nəticəsində də yaranır”.
AZƏRTAC Səhiyyə Nazirliyinin mətbuat xidmətində istinadla bildirir ki, bunu Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin həkimi Nərgiz İmanova deyib. Həkim paraproktitin yaranmasına səbəb olan hallar barədə danışıb: “Paraproktitin yaranmasına tez-tez müşahidə olunan ishal və qəbizlik, bağırsağın infeksion xəstəlikləri, bağırsaq çöpləri, babasil, düz bağırsağın travmatik zədələnmələri, müalicə olunmayan anal çatlar, kolitlər (proktitlər), Kron xəstəliyi səbəb ola bilər. Eyni zamanda, immunitetin azalması, qeyri-düzgün qidalanma (çox yağlı və acı yeməklərlə qidalanma, spirtli içkilərin həddindən artıq qəbulu), ağır fiziki iş, gigiyenaya düzgün riayət olunmaması və digər amillər bu xəstəliyi törədiciləridir”.
N.İmanova bu xəstəlikdən əziyyət çəkən insanlara tövsiyə edib: “İstər kəskin, istər xroniki paraproktit, yəni pararektal fistullar təkrar olunan xəstəlikdir. Xəstənin özünəqulluq qaydalarına necə riayət etməsi burda əsas rol oynayır. Natəmizlik, gündəlik defekasiyanın tənzimlənməməsi, pəhrizə riayət olunmaması, paraproktitə səbəb olan xəstəliklərin vaxtında cərrahi müalicə olunmaması kəskin və xroniki paraproktitin yaranma riskini artırır. Cərrahi əməliyyatın keyfiyyətli icra olunması ilə yanaşı, əməliyyatdan sonrakı dövrdə aparılan müalicə və qulluq qaydaları da olduqca önəmlidir”.