Həkim-terapevt: Vaksinasiya olunmaq üçün müraciətlər çoxdur
Bakı, 1 fevral, AZƏRTAC
Yanvarın 18-dən Bakının Xətai rayonundakı 7 nömrəli şəhər poliklinikasında vaksinasiya tədbirlərinə başlanılıb. Ötən müddət ərzində poliklinikada çalışan həkim və tibb işçilərinin peyvənd olunması başa çatıb. Fevralın 1-dən isə yaşı 65-dən yuxarı olan vətəndaşların vaksinasiyasına start verilib.
AZƏRTAC-ın müxbiri poliklinikanın həkim-terapevti Günel Nuriyeva ilə görüşüb peyvəndləmə prosesinin gedişatı barədə maraqlanıb. Həkim-terapevt deyib: “Yaşı 65-dən yuxarı olan vətəndaşların vaksinasiyasına bu gün başlasaq da, daxil olan müraciətlər kifayət qədər çoxdur, yaşlı sakinlər peyvənd olunmaq arzularını bildirirlər. Tibb işçilərinin ardınca həmin yaş qrupunda olanların peyvənd olunması yaxşı haldır, çünki adətən bu yaşda olanların bir hissəsi xroniki xəstəliklər, o cümlədən bronxial astma və tənəffüs sistemi xəstəlikləri, şəkərli diabetdən əziyyət çəkir və ya dializ qəbul edirlər. Həmin yaş qrupunda yanaşı xəstəlikləri olanlar yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanda daha ağır gedişatla üzləşirlər.
Peyvənd vurdurmaq üçün poliklinikaya daxil olan şəhər sakinləri əvvəlcə həkim müayinəsindən keçir və onlar barədə anamnez toplanır. Onların təzyiqi ölçülür, qanda oksigenin miqdarı və yanaşı xəstəliklərinin olub-olmadığı öyrənilir. Respirator xəstəliklərin kəskin dönəmində olanlara peyvənd edilməsinə icazə verilmir. Sonra peyvənd olunmağa gələn vətəndaşlar qeydiyyat otağına yaxınlaşaraq şəxsiyyət vəsiqəsini təqdim edir, lazmı qeydiyyat aparılandan sonra xüsusi ayrılmış peyvənd otağına daxil olurlar. Peyvənd vurulandan sonra vətəndaş 30 dəqiqə həkim müşahidəsində saxlanılır. Həmin müddət ərzində peyvəndin əlavə yan təsiri və allergik reaksiyası olmadıqda evə yola salınır. Peyvənd edilənlərin hər birinə vaksinin ikinci dozasının vurulma tarixi barədə məlumat verilir. Günün birinci yarısında 15 vətəndaşa peyvənd vurulub, proses uğurla davam edir”.