DÜNYA
“Helen” qasırğası ABŞ-da 43 nəfərin həyatına son qoyub
Bakı, 28 sentyabr, AZƏRTAC
“Helen” qasırğası ABŞ-ın cənub-şərqində azı 43 nəfərin ölümünə səbəb olub, milyonlarla insan işıqsız qalıb.
AZƏRTAC xəbər verir ki, ABŞ-ın Qasırğaları İzləmə Mərkəzi qasırğanın 24 saat ərzində səngiyəcəyini, lakin güclü külək, daşqın və torpaq sürüşməsi təhlükəsinin qalacağını bildirib.
Hakimiyyət orqanlarının məlumatına görə, Florida ştatında səkkiz nəfər, Corciya ştatında biri xilasedici olmaqla 15 nəfər, Cənubi Karolina ştatında 17 nəfər, Şimali Karolina ştatında iki nəfər, Virciniya ştatında isə bir nəfər həlak olub. Sığorta şirkətləri qasırğanın vurduğu zərəri milyardlarla dollar həcmində qiymətləndirir.
“Helen” qasırğası cümə axşamı günü yerli vaxtla saat 23:10-da (Bakı vaxtı ilə cümə günü saat 7:10) Florida ştatının şimalına çatıb. Qasırğanın mərkəzində küləyin sürəti saatda 225 kilometr olub. Leysan yağışları səbəbindən bölgədə daşqınlar baş verib.