HƏMYERLİMİZ DÜNYADA İSLAM QAYDALARI İLƏ FƏALİYYƏT GÖSTƏRƏN İLK BANKIN QURUCUSUDUR
Avropa və Asiya ölkələrinin maliyyə-bank dairələrində yaxşı tanınan, böyük nüfuz sahibi olan Ədalət Cəbiyev həm də islamın dərin bilicilərindən sayılır. Onun islamda iqtisadiyyat, ticarət, maliyyə məsələlərinə, əxlaq və mənəviyyata dair fundamental tədqiqatları, elmi əsərləri, məqalələri bir çox ölkədə çap edilmiş, geniş şöhrət qazanmışdır.
Dünyanın bir sıra mötəbər beynəlxalq təşkilatlarının fəxri üzvü olan həmyerlimizin bu il mayın 27-31-də İslam İnkişaf Bankının 56 ölkənin təmsilçilərinin iştirakı ilə Küveytdə keçirilmiş 31-ci illik toplantısında fəallığı, konfrans və simpoziumlardakı dərin məzmunlu çıxışları da maraqla qarşılanmışdır. Nizamnaməsi Rusiya Ədliyyə Nazirliyində qeydiyyata alınmış “Bədr-Forte Bank”ın nümunəsində artıq bir çox islam ölkələrində də şəriət qaydalarında, Quran ayələrində buyurulduğu kimi, faizsiz borcvermə ilə fəaliyyət göstərən banklar yaradılır.
Rusiyadakı diasporumuzun fəal təşkilatçılarından olan Ədalət Cəbiyev AZƏRTAC-ın müxbiri ilə söhbətində Azərbaycan Prezidenti İlham Əliyevin Dünya azərbaycanlılarının bu il martın 16-da Bakıda keçirilmiş II qurultayındakı çıxışını yüksək qiymətləndirmiş, qurultaydan sonra həm Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin, həm də Moskvadakı diasporumuzun fəaliyyətində müsbət dönüş yarandığını bildirmişdir.