“Hesab.az” yeni loqosunu təqdim edib
Bakı, 9 mart, AZƏRTAC
Azərbaycanın onlayn ödəmələr şirkəti olan “GoldenPay ASC” “Hesab.az” portalının loqosunu və portalın yeni vizual görünüşünü təqdim edib.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə şirkətin rəhbəri Fərid İsmayılzadə “Hesab.az”ın yeni görünüşü ilə bağlı məlumat verib, portalın qarşıdakı hədəflərini açıqlayıb. Bildirilib ki, 2011-ci ildə yaradılmış portalın əsas məqsədi insanların vaxtlarına qənaət edərək onu daha səmərəli keçirmələri və ailələrinə, sevdiklərinə daha çox vaxt ayırmalarıdır.
F.İsmayılzadə il ərzində “Hesab.az”ın tamamilə yenilənəcəyini deyib. Portalın yalnız görüntüsünün deyil, həm də texnoloji imkanları yenilənəcək. Demək olar ki, bu istiqamətdə görülən işlərin bir hissəsi tamamlanıb. Növbəti ildə isə biz onlayn xidmətlərimizin sayını artırmağı planlaşdırırıq. “Hesab.az” istifadəçiləri aviabilet daxil olmaqla, bir çox xidmətləri bir məkandan əldə edə biləcəklər.
F.İsmayılzadə yeni istifadəyə verilmiş “lite.hesab.az” USSD sistemini də təqdim edib. O bildirib ki, bu sistem internet olmadan “Bakcell” və “Nar” abunəçilərinə “Hesab.az”dan istifadə etmək imkanı verir. "lite.hesab.az”da qeydiyyatdan keçmiş “Bakcell” və “Nar” abunəçiləri *713# yığmaqla USSD sistemindən istifadə edərək rahat şəkildə ödənişlərini edə bilərlər.
Qeyd edək ki, “GoldenPay” şirkətinə məxsus 215 mindən çox istifadəçisi olan “Hesab.az” 100-dən çox xidmət növünə bank kartları vasitəsilə ödənişləri təqdim edən portaldır.