Hesablama Palatasında nəzarət tədbirinin nəticələrinə dair auditor hesabatı müzakirə edilib
Bakı, 29 yanvar, AZƏRTAC
Hesablama Palatasının kollegiya üzvlərinin və struktur bölmə rəhbərlərinin iştirakı ilə videoformat şəklində növbəti kollegiya iclası keçirilib.
Palatanın mətbuat xidmətindən AZƏRTAC- a bildirilib ki, kollegiyada 2020-ci ilin iş planında nəzərdə tutulmuş nəzarət tədbirinin nəticələrinə dair auditor hesabatı müzakirə olunaraq müvafiq qərar qəbul edilib. Eləcə də Hesablama Palatasının 2021-ci il üzrə iş planına uyğun olaraq bir nəzarət tədbirinin proqramı təsdiq olunub.
İclasda kollegiyanın sədri bildirib ki, Hesablama Palatasının fəaliyyətinin gücləndirilməsi, dövlət maliyyə resurslarından daha rasional istifadə edilməsi, həmçinin ölkəmizdə son illərdə dövlət maliyyəsinin idarə edilməsinin təkmilləşdirilməsi istiqamətində aparılan islahatların hədəfləri nəzərə alınmaqla səmərəlilik (performans) auditi şöbəsinin yaradılması ilə bağlı qərar qəbul edilib. Bu şöbənin yaradılması qabaqcıl təcrübəni, beynəlxalq metodologiyanı rəhbər tutmaqla dövlət vəsaitinin daha səmərəli, qənaətli və nəticəli istifadə olunmasına nəzarətin gücləndirilməsi məqsədini daşıyır.
Hesablama Palatasının sədri qurumun fəaliyyətinin daha da səmərəli həyata keçirilməsi üçün strukturun təkmilləşdirilməsi, bu istiqamətdə yeni yaradılmış səmərəlilik auditi şöbəsinin işinin təşkili və icrası ilə bağlı qarşıda duran vəzifələr üzrə müvafiq tapşırıqlar verib.