SİYASƏT
Heydər Əliyev Gürcüstanda Azərbaycan mədəniyyətinin inkişafına və tarixi-mədəni abidələrimizin bərpasına xüsusi diqqət göstərib
![Heydər Əliyev Gürcüstanda Azərbaycan mədəniyyətinin inkişafına və tarixi-mədəni abidələrimizin bərpasına xüsusi diqqət göstərib](/files/2023/1/1200x630/16781705342593215839_1200x630.jpg)
Tbilisi, 7 mart, AZƏRTAC
Bu il Azərbaycan xalqı ilə yanaşı, bütün dünya azərbaycanlıları Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 100 illik yubileyini qeyd edir. Xoşbəxt adamam ki, Ulu Öndərlə şəxsən görüşüb söhbət etmişəm. Ümummilli Liderlə görüş, onun soydaşlarımıza qayğısı mənim, eləcə də Gürcüstanda yaşayan digər azərbaycanlıların həyatında dərin iz buraxıb.
Bu sözləri Gürcüstan parlamentinin sabiq deputatı, Azərbaycanlı Ağsaqqallar Şurasının sədri İsak Novruzov AZƏRTAC-a müsahibəsində söyləyib.
İ.Novruzov deyib: “1996-cı il yanvarın 5-də Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Aslan Aslanovun təşkilatçılığı ilə mən və digər sabiq deputatlar Ramiz Bəkirov və Hidayət Hüseynov Ulu Öndərlə görüşdük. Bu görüş bizim üçün tarixi, həm də çox məsuliyyətli görüş oldu. Həmin illərdə Azərbaycanda olduğu kimi, Gürcüstanda da vəziyyət ağır idi. Buna baxmayaraq, biz Gürcüstana, xüsusən də azərbaycanlılara kömək göstərilməsi ilə bağlı Heydər Əliyevə müraciət etdik. Gürcüstanda vəziyyət daha ağır idi. Bildirdik ki, azərbaycanlılar işgüzardırlar, zəhmətkeşdirlər, bir təhər dolanırlar. Lakin ciddi problemləri də var”.
Ümummilli Lider ilə görüşdə Mirzə Fətəli Axundzadənin Tbilisidə ev-muzeyinin təmiri məsələsinin də qaldırıldığını vurğulayan soydaşımız deyib: “Dahi şəxsiyyət Heydər Əliyev bizi dinlədikdən sonra dedi ki, hər millət öz mədəniyyəti ilə tanınır. Tbilisidə Azərbaycan mədəniyyətini tanıdacaq və təbliğ edəcək bir muzeyə, mədəniyyət ocağına böyük ehtiyac var. Bundan sonra Mirzə Fətəli Axundzadənin ev-muzeyi ilə bağlı məsələ ön plana çəkildi. Bir qədər keçdi, muzey əsaslı təmir olundu və bu gün Azərbaycan mədəniyyətinin təbliğində mühüm rol oynayır”.
Ulu Öndərlə digər görüşlərini də xatırladan İ.Novruzov Heydər Əliyevin Gürcüstana səfəri zamanı Rustaveli adına Opera və Balet Teatrında azərbaycanlılarla görüşündən də söz açıb: “Həmin görüşdə Heydər Əliyev tarixi əhəmiyyət kəsb edən ifadə işlətdi və dedi: Gürcüstanda yaşayan azərbaycanlılar diaspor deyil, aborigen xalqdır. Gürcüstan sizin vətəninizdir. Siz də bizim soydaşlarımızsınız və tək deyilsiniz”.
Gürcüstanda aborigen azərbaycanlılarla yanaşı, Azərbaycandan köçüb gələnlərin də yaşadıqlarını qeyd edən İ.Novruzov vurğulayıb: “Bizim də nəslimiz Azərbaycandan gəlib. Buradakı azərbaycanlıların qədim tarixi, mədəniyyəti, adət-ənənələri var. Telavi rayonunun Qaracala kəndinin 500 ildən çox yaşı var. Laqodexinin Qabal kəndi, həmçinin çox qədim yaşayış məntəqəsidir. Ulu Öndər də bunu yaxşı bilirdi. Ona görə də hər zaman çalışırdı ki, soydaşlarımız öz mədəniyyətlərini, ana dillərini və digər milli keyfiyyətlərini unutmasınlar. Ümummilli Liderimizin diqqət və qayğısı nəticəsində bu gün paytaxt Tbilisidə Mirzə Fətəli Axundzadənin, Nəriman Nərimanovun, Cəlil Məmmədquluzadənin ev-muzeyləri fəaliyyət göstərir. Tbilisidəki küçələrin birinə Bakı adı verilib. Daha bir neçə küçə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adını daşıyır”.
Hazırda Azərbaycan ilə Gürcüstan arasındakı nümunəvi dostluq əlaqələrinin mövcudluğunun dərin məmnunluq hissi doğurduğunu deyən soydaşımız bildirib: “Bu gün Tbilisinin mərkəzində və Rustavi şəhərində Heydər Əliyev Parkının salınması, Ulu Öndərin abidəsinin ucaldılması ölkələrimiz arasındakı möhkəm və sarsılmaz dostluğun bariz nümunəsidir. Azərbaycan Prezidenti İlham Əliyev bu gün Ulu Öndərin siyasi kursunu uğurla davam etdirir. Ona görə də inanırıq ki, ölkələrimiz arasında əsrlər boyu mövcud olan dostluq münasibətləri daim yaşayacaq. Heydər Əliyevin xatirəsi isə Gürcüstan azərbaycanlılarının və gürcü xalqının yaddaşından heç vaxt silinməyəcək”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi