“Heydər Əliyev ideyalarının zəfər yürüşü” adlı tədbir təşkil olunub
Bakı, 6 may, AZƏRTAC
Bakı şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon MKS-in Mərkəzi Kitabxanasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev ideyalarının zəfər yürüşü” adlı tədbir təşkil edilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra Ulu Öndərin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Xətai rayon MKS-nin əməkdaşı Ağgül Mərdanova çıxış edərək, tədbirin əhəmiyyətindən danışıb: “Azərbaycanı dünyaya, dünyanı Azərbaycana tanıdan dahi şəxsiyyət, dünyaşöhrətli siyasətçi Heydər Əliyev bütün həyatını öz xalqına, dövlətçiliyimizin qoruyub saxlanmasına, möhkəmlənməsinə həsr edib”.
Sonra Xətai rayon İcra Hakimiyyətinin “İctimai-siyasi və humanitar məsələlər” şöbəsinin müdiri Pənah İmanov çıxış edərək bildirib ki, sadə, zəhmətkeş bir azərbaycanlı ailəsində dünyaya göz açan, min cür çətinlikdən keçərək SSRİ kimi nəhəng bir dövlətin rəbərlərindən biri səviyyəsinə ucalan ilk Türk oğlu Heydər Əliyev Azərbaycan tarixinə Qurtuluş mübarizəsinin qalibi kimi daxil olub.
Xətai rayon İcra Hakimiyyəti “Şəhid Ailələri və Vətən Müharibəsi İştirakçıları ilə işin təşkili” şöbəsinin müdiri, Vətən müharibəsi iştirakçısı Anar Məmmədov qeyd edib ki, Ermənistanın təcavüzü nəticəsində torpaqlarımızın işğal olunması və bir milyon insanın qaçqın düşməsi Ulu Öndəri ən çox narahat edən məsələ idi: “O, həmişə qeyd edirdi ki, biz Qarabağı mütləq geri qaytaracağıq. Əgər bu məsələ sülh yolu ilə həll olunmasa, müharibə yolu ilə torpaqlarımızı işğaldan azad edəcəyik. Heydər Əliyev ideyaları yaşayır və Azərbaycan xalqını zəfərdən-zəfərə qovuşdurur”.
Əməkdar müəllim, professor Rüfət Hüseynzadə Ümummilli Lider Heydər Əliyev nəzəri irsində müəllimlik mövzusunda çıxış edərək, bildirib ki, Heydər Əliyev ölkəmizdə bütün sahələrdə olduğu kimi, elm və təhsilin inkişafına da xüsusi diqqət yetirir və bu peşə sahiblərinə qayğı ilə yanaşırdı.
Sonda Xətai rayon MKS-nin direktoru Həmidə Məmmədova çıxış edərək, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının misilsiz təəssübkeşi, dövlətçiliyimizin xilaskarı olduğunu vurğulayıb.
Tədbir zamanı çıxış edən natiqlərin “Heydər Əliyev və Azərbaycanda kitabxana işi”, “Heydər Əliyev irsi” və “Heydər Əliyev irsinin təbliğində muzeylərin rolu” mövzularında çıxışları dinlənilib.
Bədii hissədə Xalq artisti Şükufə Musayeva Xalq şairi Zəlimxan Yaqubun “Ömrün Heydər zirvəsi” adlı şeirini səsləndirib. Cəbrayıl rayonu Milli Qəhrəman Kazım Məmmədov adına Böyük Mərcanlı tam orta məktəbin şagirdləri Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş şeirlərdən ibarət kompozisiya nümayiş etdiriblər.