ELM VƏ TƏHSİL
“Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslər başa çatıb
![](/files/galleryphoto/2022/2/1200x630/16542672412241010376_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16542672415477555961_1200x630.jpg)
Bakı, 3 iyun, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif şagirdlərinin iştirakı ilə “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda 2021-2022-ci tədris ili üzrə keçirilən dərslər başa çatıb.
Bu barədə AZƏRTAC-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, Binəqədi rayonu 276 nömrəli məktəbdə təşkil olunan yekun dərsdə əvvəlcə Dövlət Himni səsləndirilib. BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən, böyük xilaskarlıq missiyasından söz açıb. Hüseyn Əsgərov dahi lider Heydər Əliyevin müdrikliyi, siyasi iradəsi, uzaqgörənliyi nəticəsində digər istiqamətlərdə olduğu kimi, təhsil sahəsində də böyük nailiyyətlər əldə olunduğunu diqqətə çatdırıb.
Çıxış edənlər Ulu Öndərin siyasəti sayəsində müasir dövrdə Azərbaycanın milli dövlətçiliyinin real məzmun və məna kəsb etdiyini, dövlət suverenliyimizin sarsılmaz və dönməz gerçəkliyə çevrildiyini bildiriblər. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışını Azərbaycanın xilasının və tərəqqisinin əsası olduğunu vurğulayıblar. Qeyd ediblər ki, məktəblilərin potensial imkanlarının üzə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyan bu dərslər şagirdlərin milli-mənəvi dəyərlərə malik, sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasına, yetkin vətəndaş kimi müstəqil həyata hazırlanmasına xidmət edir.
Sonda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə aid şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslərin keçirilməsində əsas məqsəd Azərbaycan Respublikasının tarixinə aid seçilmiş mövzular üzrə müstəqil Azərbaycanın dövlət quruculuğu sahəsində ulu öndər Heydər Əliyevin genişmiqyaslı fəaliyyəti, bu yolda qarşıya çıxan maneə və çətinliklərin dəf olunması, ölkədə siyasi sabitliyin və iqtisadi dirçəlişin yaranması, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması, həyata keçirilən sosial-iqtisadi layihələr, qazanılan uğurlar barədə şagirdlərə ətraflı məlumatlar verməkdən ibarətdir.