“HEYDƏR ƏLİYEV MİLLƏTİN ATASI İDİ”
AZƏRTAC xəbər verir ki, müasir dövrün görkəmli siyasi xadimini səciyyələndirən bu dəqiq və sanballı epitet “Baku” jurnalının Baş redaktoru Leyla Əliyevanın həmin nəşrin üçüncü, Heydər Əliyevin 85 illiyinə həsr edilmiş nömrəsində dərc olunmuş məqalədə verilmişdir.
Leyla Əliyeva yazır: “Bu gün o, tunc və mərmər heykəllərdə təcəssüm etdirilmiş, şeirlərdə və nəsr əsərlərində tərənnüm olunmuşdur. Bəzən mən onun bu yeni obraz və təcəssümlərində nə isə düzəlişlər etmək istəyirəm. Həmişə də özümü saxlayıram. Axı, o, sağlığında, xüsusən də vəfatından sonra təkcə mənim babam deyildi. O, böyük siyasi xadim idi. O, mənim doğma ölkəmin Prezidenti idi. O, millətin atası idi. Axı, mənim babam Heydər Əliyevdir”.
Jurnalda Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın müsahibəsi dərc edilmişdir. O, Heydər Əliyev Fondunun dörd illik fəaliyyəti barədə söhbət açır, Heydər Əliyev haqqında böyük siyasi xadim kimi, ata və baba kimi öz təəssüratlarını oxucularla bölüşür.
“Pereseçeniya” (“Kəsişmələr”) rubrikasında Heydər Əliyevlə görüşləri həyatlarında mühüm hadisə olmuş şəxsiyyətlər - 1986-1989-cu illərdə SSRİ-nin Suriya Ərəb Respublikasında fövqəladə və səlahiyyətli səfiri, 1990-1991-ci illərdə Sov.İKP MK Siyasi Bürosunun üzvü, 1998-2005-ci illərdə Şimali Osetiya - Alaniya Respublikasının Prezidenti olmuş, hazırda RF Federasiya Şurasının mədəniyyət üzrə komissiyasının sədri, RF-nin YUNESKO işləri üzrə komissiyası sədrinin müavini Aleksandr Dzasoxov, Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodina, Rusiya Teatr Xadimləri İttifaqının sədri, “Et Cetera” teatrının bədii rəhbəri Aleksandr Kalyagin, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru, Rusiya Beynəlxalq Araşdırmalar Assosiasiyasının prezidenti, Rusiya BMT-yə Dəstək Assosiasiyasının sədri, RF Təhlükəsizlik Şurası yanında Elmi Şuranın üzvü Anatoli Torkunov ulu öndər haqqında xatirələrini bölüşürlər.
Jurnalda “Moskovski komsomolets” qəzetinin siyasi icmalçısı Aleksandr Budberqin “Heydər Əliyevi xatırlayarkən” sərlövhəli məqaləsi də dərc edilmişdir. Müəllif qeyd edir ki, Heydər Əliyevlə tanış olan kimi onun böyük insan olmasını başa düşmüşdür. Bu yazıda söhbət Heydər Əliyevin müəllifə güclü təsirindən və müəllifin “öz” Heydər Əliyevindən gedir.
Politoloq Fuad Axundovun avtobioqrafik xarakterli “Yaşamaq vaxtıdır” adlı məqaləsində nəinki Azərbaycanda və Qafqaz regionunda, həm də bütün dünyada bütöv bir dövrü təcəssüm etdirən ümummilli liderin həyat və fəaliyyəti haqqında geniş informasiya verilir. Politoloq xüsusi olaraq vurğulayır ki, Heydər Əliyev həyatının son günlərinə qədər öz nüfuz və sanbalını qoruyub saxlamış və hakimiyyət zirvəsində qalmışdır.
“Sovremenniki” (“Müasirlər”) adlanan xüsusi layihədə R.Bredberi, E.Morrikone, Y.Jivanşi, M.Monro, A.Morita, H.Kissincer, L.Yaşin, F.Fellini təqdim edilmişdir. Bu insanlar arasında ümumi cəhət nədən ibarətdir? Onların hamısı Heydər Əliyev kimi XX əsrin 20-ci illərində anadan olmuşdur və əgər onlar olmasaydı, dünya tamam başqa dünya olardı.