Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri var VİDEO
Şabran, 7 may, Elxan Yusifli, AZƏRTAC
Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri var. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi ümummilli lider Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına nail olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər mayın 7-də Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Ulu Öndərin anadan olmasının 95-ci ildönümünə həsr edilən elmi-praktik konfransda səsləndirilib.
Rayonda fəaliyyət göstərən idarə və təşkilatların kollektivləri və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edənlər ümummilli lider Heydər Əliyevin mənalı həyat yolundan və çoxşaxəli siyasi fəaliyyətindən danışıblar.
Konfransda bildirilib ki, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Ulu Öndərin anadan olmasının 95-ci ildönümü ölkəmizdə geniş qeyd olunur, dahi şəxsiyyətin xalqımız qarşısındakı əvəzsiz xidmətləri xatırlanır.
Rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində fenomen şəxsiyyət olduğunu vurğulayıb. Bildirilib ki, Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycan dövlətçiliyi böyük təhlükələrdən xilas oldu, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsaslı dönüş yarandı. Ulu öndər Heydər Əliyevin qurduğu Azərbaycan bu gün onun siyasi davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada öz sözünü deyir və inkişaf edir. Azərbaycanın əldə etdiyi uğurların əsasında Prezident İlham Əliyevin qətiyyəti, əzmkarlığı və Ulu Öndərin siyasi, mənəvi irsinin layiqincə yaşadılması dayanır.
Çıxışlarda ümummilli lider Heydər Əliyevin Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu sahəsindəki misilsiz xidmətləri qeyd olunub.
Tədbirdə ümummilli lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.