“Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində yeri” adlı seminar təşkil olunub
Bakı, 6 may, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində yeri” adlı seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, həmçinin Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir iştirakçıları tərəfindən Mərkəzin muzey bölməsində Ümummilli Liderin büstü ziyarət olunub.
Sonra çıxış edənlər Ulu Öndər Heydər Əliyevin öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına, eyni zamanda xalqımızın müstəqillik arzusuna çatmasına nail olduğunu bildiriblər.
Həmçinin “Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində yeri” adlı mühazirə dinlənilib.
Sonda Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən film nümayiş edilib.