HEYDƏR ƏLİYEV TARİXİN YETİŞDİRDİYİ NADİR ŞƏXSİYYƏTLƏRDƏN BİRİDİR
AZƏRTAC xəbər verir ki, mayın 8-də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində ümummilli lider Heydər Əliyevin 85 illik yubileyi qeyd edilmişdir.
Komitənin sədri akademik Qərib Məmmədov bildirmişdir ki, Heydər Əliyev tarixin yetişdirdiyi nadir şəxsiyyətlərdən biridir, xoşbəxtlikdən o, biz azərbaycanlıların və bütövlükdə türk dünyasının taleyinə qismət olmuşdur.
Sədr diqqətə çatdırmışdır ki, ölkə iqtisadiyyatının inkişafında əsas şərt kimi aqrar islahatlar dayanır. Bunu həmişə diqqətində saxlayan ulu öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə özünü torpağa bağlı hesab etmişdir. Torpağa bağlılıq isə vətəni sevməkdən irəli gəlir. Dahi şəxsiyyətin rəhbərliyi altında uğurla həyata keçirilən yeni torpaq siyasəti nəticəsində 3,5 milyondan çox insan torpaq mülkiyyətçisinə çevrilmişdir.
Natiq qeyd etmişdir ki, bu gün ulu öndərin layiqli davamçısı Prezidentimiz İlham Əliyevin uğurlu xarici və daxili siyasətini ölkə müstəqilliyimizin dünya iqtisadiyyatına dərin inteqrasiyası proseslərinin hazırkı möhkəm təməli də Heydər Əliyev tərəfindən yaradılmış potensiala əsaslanır. Prezidentimizin mahiyyətcə insan amilinin yüksəlməsinə xidmət edən təkmil strategiya kimi aktuallığını qoruyub saxlayan “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” həm də ulu öndərimizin başa çatdırmaq istədiklərinin həyata keçirilməsinə xidmət edən uğurlu bir proqramdır. Məhz bunun nəticəsidir ki, 2003-cü ildə İlham Əliyev xalqımızın bütöv əksəriyyətinin istəyi ilə Prezident seçildikdən sonra söz verdiyi 600 min iş yerinin açılmasına vaxtından əvvəl əməl etdi. Onun prezidentliyi dövründə 640 min iş yeri açılmışdır ki, bunun da 600 mini daimidir. Məcburi köçkünlərimiz çadır şəhərciklərindən yeni salınmış qəsəbələrə köçürülmüşlər. 2007-ci ilin sonuna yoxsulluğun səviyyəsi 2003-cü ildəki 49 faizdən 16 faizə enmişdir, hazırda 78 min ailə, 300 mindən çox adam ünvanlı sosial yardım proqramı ilə əhatə olunmuşdur.
Akademik bildirmişdir ki, 2009-2013-cü illərdə regionların sosial-iqtisadi inkişafının ikinci mərhələsinin həyata keçirilməsi ilə bağlı Prezidentin qəbul edəcəyi proqram ölkəmizin bütün kəndlərində yenidənqurma işlərinin aparılmasına səbəb olacaqdır. Dövlət başçısının “Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramının hazırlanması haqqında” 1 may 2008-ci il tarixli Sərəncamı bir daha sübut edir ki, bu gün anadan olmasının 85 illik yubileyini qürur hissi ilə keçirdiyimiz ümummilli liderimiz Heydər Əliyevin qurduğu və memarı olduğu müasir Azərbaycan onun layiqli davamçısı cənab İlham Əliyevin rəhbərliyi altında daha işıqlı illərə yol açacaqdır.
Tədbir iştirakçıları ulu öndərin Azərbaycanda apardığı torpaq islahatlarından bəhs edən “Heydər Əliyev və Azərbaycanda aqrar sektorun inkişafı” filminə baxmışlar.
Milli Məclisin deputatları Rəbiyyət Aslanova, Eldar İbrahimov, Mübariz Qurbanlı, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov çıxış etmiş, ümummilli liderin Azərbaycan dövlətçiliyi və xalqımız naminə misilsiz xidmətlərindən danışmışlar.
######
![]() |
![]() |

