“HEYDƏR ƏLİYEV VƏ DÖVLƏT QULLUĞU” MÖVZUSUNDA DƏYİRMİ MASA
AZƏRTAC xəbər verir ki, mayın 5-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın (DQMK) təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və dövlət qulluğu” mövzusunda dəyirmi masa keçirilmişdir.
Komissiya sədrinin müavini Vəfadar Misirov vurğulamışdır ki, dəyirmi masanın mövzusu təsadüfən seçilməmişdir. Ona görə ki, ulu öndər Heydər Əliyev Azərbaycan tarixinə təkcə böyük siyasət adamı və görkəmli dövlət xadimi kimi deyil, eyni zamanda, müasir Azərbaycan dövlətinin qurucusu və bir nömrəli dövlət qulluqçusu kimi daxil olmuşdur. Ümummilli liderin dövlət qulluğu sahəsində apardığı siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən üğürla davam etdirilməsini qeyd edən natiq, bu sahədə vahid dövlət siyasətinin həyata keçirilməsində DQMK-nın qarşısında duran vəzifələrdən danışmışdır.
DQMK-nın sədri Bəhram Xəlilov görkəmli dövlət xadimi Heydər Əliyevin 1969-cu ildə dövlətin ali rəhbərliyinə gəldikdən sonra kadr siyasətində həyata keçirdiyi tədbirlərin milli dövlətçilik baxımından əhəmiyyətini xüsusi vurğulamışdır. Tanınmış Amerika tədqiqatçısı Tadeuş Svyatoxovskinin “Ziyalı təbəqəsinin ruslaşdırılması prosesinin inkişaf etməsinə baxmayaraq, Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra 1969-cu ildə milli nomenklaturanın birləşməsi baş verir. Azərbaycan Kommunist Partiyasının birinci katibi kimi Əliyev yüksək idarəetmə postlarına etnik azərbaycanlıları çəkməklə, yenidən milliləşdirmə siyasətinə qayıtdı”,- sözlərini xatırladan natiq, ulu öndərin hakimiyyətinin ilk dövründən milli kadrlara üstünlük verdiyini bir daha diqqətə çatdırmışdır. Heydər Əliyevin bir-birinə zidd iki ictimai-siyasi quruluşda dövləti yüksək səviyyədə idarə edə bilmək qabiliyyəti xüsusi qeyd edilmişdir.
Ulu öndərin müstəqil dövlətimizə rəhbərlik etdiyi dövrdə dövlət qulluğu sahəsində apardığı siyasətdən geniş bəhs edən komissiya sədri “Dövlət Qulluğu haqqında” Qanunun da məhz onun hakimiyyəti dövründə qəbul olunduğunu və bununla da “dövlət qulluğu” və “dövlət qulluqçusu” anlayışlarının gündəmə gəldiyini bildirmişdir.
Ümummilli liderin müstəqillik dövründə də milli kadrların yerləşdirilməsinə, gənclərin dövlət orqanlarında daha çox təmsil olunmasına xüsusi önəm verdiyini qeyd edən natiq, bu istiqamətlərin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi vurğulamışdır.
Dəyirmi masada çıxış edən Prezidentin İcra Aparatı Kadr məsələləri şöbəsinin kadr məsələləri siyasəti bölməsinin müdiri Vasif Xələfov ulu öndərin dövlət qulluğu sahəsində apardığı siyasətin bu gün uğurla davam etdirildiyini diqqətə çatdıraraq, dövlət qulluqçularına verilən yüksək qiymətdən danışmışdır. Dövlət başçısı İlham Əliyev tərəfindən imzalanmış “Dövlət Qulluqçularının Peşə Bayramı Gününün təsis edilməsi haqqında” Sərəncamın əhəmiyyəti xüsusi vurğulanmışdır.
Dəyirmi masada çıxış edən digər natiqlər ümummilli lider Heydər Əliyevin dövlət qulluğu sahəsində apardığı siyasətin ölkəmizə gətirdiyi nailiyyətləri konkret faktlarla sadalamış, Prezident İlham Əliyevin Azərbaycanda yüksək intellektə malik insan kapitalının formalaşması istiqamətində gördüyü tədbirlərdən danışmışlar.
Dəyirmi masa iştirakçılarının ümumi rəyi ondan ibarət olmuşdur ki, hər bir dövlət qulluqçusu öz işində ulu öndərin həyat və fəaliyyətini örnək kimi qəbul etməli və şərəfli “dövlət qulluqçusu” adını qürurla daşımalıdır.