HEYDƏR ƏLİYEV VƏ MİLLİ MÜBARİZƏ TARİXİMİZ
AZƏRTAC xəbər verir ki, Azərbaycan xalqı ümummilli lider, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 85 illik yubileyini böyük hörmət və ehtiramla qeyd edir. Yubiley ərəfəsində mərhum millət vəkili, ictimai-siyasi xadim, tarix elmləri namizədi Zakir Sərdarovun «Heydər Əliyev və milli mübarizə tariximiz» adlı kitabı nəfis poliqrafik tərtibatla işıq üzü görmüşdür.
Kitabda ermənilərin XIX əsrdən bəri azərbaycanlılara qarşı törətdikləri soyqırımı və onun mərhələləri, Azərbaycan torpaqlarının işğalı prosesi müxtəlif mənbələr, arxiv sənədləri, Azərbaycanda, Rusiyada və Ermənistanda dərc edilən əsərlər və dövri mətbuat materialları əsasında geniş işıqlandırılır.
Müəllif xalqımıza qarşı yönəlmiş hücumların və torpaqlarımızın işğalının qarşısının alınmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini böyük məhəbbətlə qələmə almış, müstəqil Azərbaycan dövlətinin yaradılması və möhkəmləndirilməsi prosesində onun misilsiz rolunu, xilaskarlıq missiyasını əsl qəhrəmanlıq nümunəsi kimi yüksək dəyərləndirmişdir.
Müəllif kitabın əvvəlində oxuculara müraciətlə yazır: «Tariximizin bu faciəli səhifələrini dönə-dönə vərəqlədim. Bu millətin başına açılan oyunların, müsibətlərin, faciələrin səbəblərini öyrənmək istədim. Səbəblər çoxdur, amma ən böyük səbəb müəyyən dönəmlərdə millətin başsız, milli lidersiz olmasıdır. Rusiya Azərbaycanı özünə tabe edəndən sonra erməni millətçiləri müsəlman qanına susayanlarla birləşib xalqımızı başsız qoymaq siyasəti yeritmiş, torpaqlarımızı ələ keçirməyə başlamışlar. Yaxşı ki, bu millətin milli sərvəti — Heydər Əliyevi olub. Əgər 1969-cu ildən sonra Azərbaycanda Heydər Əliyev kimi qüdrətli bir şəxsiyyət hakimiyyətdə olmasaydı, itkilərimiz daha çox olardı. Keçmiş bakılı, uzun illər SSRİ Dövlət Plan Komitəsinin sədri olmuş Nikolay Baybakovun dediyi kimi, «mən Azərbaycanı, Azərbaycan xalqını Heydər Əliyev qədər sevən ikinci adam tanımıram». Yaxşı ki, Heydər Əliyev varmış, yoxsa bu millət iyirminci əsrdə daha böyük faciələrə məruz qalardı”.
Kitabdakı «Tarixi faktlar ittiham edir» və «Tariximizin qaranlıq səhifələri» fəsillərində 1826-1828-ci illər Rusiya-İran və 1828-1829-cu illər Rusiya- Türkiyə müharibələrindən sonra ermənilərin kütləvi surətdə Rusiya imperiyasının himayəsi ilə Qafqaza, Azərbaycan torpaqlarına köçürülməsi prosesi sənədlər və təkzibolunmaz dəlillər əsasında qələmə alınmışdır.
Azərbaycan torpaqlarının ermənilər tərəfindən zəbt olunması, erməni tarixinin total surətdə saxtalaşdırılması, soyqırımı məsələlərinə, ermənilərin Qafqazda aborigen etnos olması barədə uydurma tezisə öz münasibətini bildirən tarixçi alim Zakir Sərdarov yazır: «1828-ci ilədək İrəvan qəzasında azərbaycanlılar 285 min hektar torpaq sahəsinə sahib olduqları halda, ermənilərin istifadəsində cəmi 7548 hektar torpaq sahəsi var idi…
1828-1872-ci illərdə azərbaycanlılar yaşayan 161 kənd ermənilər tərəfindən zəbt olunmuşdur. İşğal edilmiş Qırxbulaq, Zəngibasar, Gərnibasar, Vedibasar, Dərəkənd, Saatlı, Talin, Sərdarabad, Abaran, Dərəçiçək, Dərələyəz və Göyçə mahallarında 420 kənd dağıdılmış, cəmi 317 kənd qalmışdır. 1828-ci ildən 1873-cü ilədək bu ərazilərdə 148 yeni erməni kəndi salınmışdır».
Xalqımızın ötən yüzilliklərdə üzləşdiyi faciələri ürək ağrısı ilə şərh edən müəllif bildirir ki, Prezident Heydər Əliyevin «1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında» 1997-ci il 18 dekabr tarixli və «Azərbaycanlıların soyqırımı haqqında» 1998-ci il 26 mart tarixli fərmanlarında xalqımıza qarşı törədilmiş soyqırımı faktları ilk dəfə olaraq dövlət səviyyəsində bəyan edildi. Misilsiz əhəmiyyət kəsb edən bu fərmanları imzalamaqla ümummilli lider Heydər Əliyev Azərbaycan xalqı qarşısında daha bir tarixi xidmət göstərmişdir. Böyük öndər yaxşı bilirdi ki, bu sənədlər özünün ruhu, məzmunu, ideya yönümü ilə yüz illər ərzində xalqımıza qarşı törədilmiş amansız cinayətlərin, soyqırımının, XX əsrin sonlarında «Dağlıq Qarabağ problemi» kimi ortaya atılmış erməni təcavüzünün həqiqi mənzərəsinin, köklərinin öyrənilməsi və dərk edilməsi üçün əvəzsiz tarixi-siyasi mənbə əhəmiyyətinə malikdir.
Kitabda Azərbaycan torpaqlarının ermənilər tərəfindən zəbt olunmasının qarşısının alınmasında xalqımızın böyük oğlu Heydər Əliyevin xidmətləri yüksək dəyərləndirilir. Bir epizoda xüsusi diqqət yetirək: 1968-1969-cu illərdə Gədəbəy rayonunun Tağılar kəndinin və Qazax rayonunun torpaqlarının bir hissəsinin Ermənistana verilməsinə dair protokol imzalanmışdı. 1969-cu il iyulun 14-də hakimiyyətə gələn Heydər Əliyev avqust ayında Qazax və İcevan rayonlarının sərhədində Ermənistan KP MK-nın birinci katibi Koçinyanla görüşərək kəskin mövqe tutdu və bu bədnam, antimilli qərarın yerinə yetirilməsinə imkan vermədi.
Zakir Sərdarov həmin dövr tarixinin canlı şahidi olmuş Həbib Həsənovun xatirələrinə istinad edərək yazır: «Koçinyan görüşdən İrəvana qayıdan kimi, Ermənistan KP MK-nın bürosu toplandı. Koçinyan qayğılı və dalğın görünürdü. Mən həmin büroda iştirak edən yeganə azərbaycanlı idim. O, Heydər Əliyevlə görüşü barədə çox qısa məlumat verdi. Yerdən bir neçə nəfər Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1969-cu il 7 may tarixli qərarının icrasına nə vaxt başlanacağı haqqında suallar verərkən Koçinyan bildirdi ki, Ermənistanı və erməniləri sevən hər birinizdən xahiş edirəm ki, nə qədər Heydər Əliyev adlı adam var, heç bir sərhəd məsələsi və mübahisəli torpaq, ərazi iddiası qaldırmayın. Bunu birdəfəlik yaddan çıxarın.
Elə bil ermənilərin üstünə qaynar su töküldü. Hamı sual dolu baxışla bir-birinə baxdı. Koçinyan dilxor, bir qədər də əsəbi halda iclası yekunlaşdırdı. Mən için-için sevinir, qürur hissi keçirirdim. İlk dəfə idi ki, ermənilərin belə məyus olduqlarını görürdüm».
Ötən əsrin 90-cı illərində erməni mətbuatını diqqətlə izləmiş Zakir Sərdarovun gəldiyi nəticə də maraqlıdır. Obyektivliyi qoruyub saxlamağa çalışan azsaylı erməni müəllifləri təzyiqlərə məhəl qoymadan Azərbaycan Prezidenti Heydər Əliyevin dəqiq, düşünülmüş, ağıllı, müdrik, sərrast siyasətini yüksək qiymətləndirir və Azərbaycan diplomatiyasının erməni diplomatiyasından çox-çox yüksəkdə dayandığını etiraf edirlər. Görünür, onlar bu yolla öz soydaşlarını ağıla, kamala dəvət edir, xəstə təfəkkürün ağır fəsadlarından zavallı erməni xalqını xilas etməyə çalışırlar.
«Heydər Əliyev və milli mübarizə tariximiz» kitabında ümummilli liderimizin 1993-cü ildə xalqın təkidli tələbləri ilə yenidən Azərbaycanda hakimiyyətə gəlməsi, millətin və dövlətçiliyin taleyinin xilası yolunda sarsılmaz siyasi iradə nümayiş etdirməsi çağdaş tariximizin şərəfli mərhələsi kimi ətraflı tədqiq olunur.
Kitab tədqiqatçılar, ziyalılar və geniş oxucu kütləsi üçün mühüm əhəmiyyət kəsb edir.