HEYDƏR ƏLİYEVİN BÜTÜN HƏYATI, FƏALİYYƏTİ XALQLA, AZƏRBAYCAN DÖVLƏTİ İLƏ BAĞLI OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, mayın 2-də Daxili İşlər Nazirliyinin Polis Akademiyasında “Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafında və Daxili İşlər Nazirliyi sistemində aparılan islahatlarda əvəzsiz xidmətləri” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.
Tədbirdən əvvəl iştirakçılar ulu öndər Heydər Əliyevin akademiyanın həyətində ucaldılmış möhtəşəm abidəsi önünə əklil qoymuşlar.
Daha sonra burada yaradılmış Heydər Əliyev muzeyində qonaqlara ümummilli liderin mənalı həyat yolu, Azərbaycan dövlətçiliyi ilə bağlı səmərəli fəaliyyəti barədə ətraflı məlumat verilmişdir. Konfrans iştirakçıları, həmçinin, ulu öndərin 85 illik yubileyinə həsr olunmuş filmdən kadrlara baxmışlar.
Konfransı giriş sözü ilə açan daxili işlər naziri, general-polkovnik Ramil Usubov bildirmişdir ki, tədbirin məqsədi Azərbaycan xalqının həyatında və ölkəmizin tarixində çox mühüm rolu olan dahi şəxsiyyət Heydər Əliyevin 85 illik yubileyinin yüksək səviyyədə qeyd olunmasıdır. Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin hər bir azərbaycanlı üçün əsl məktəb olduğunu vurğulayan nazir, ümummilli liderin hələ xüsusi xidmət orqanlarında işləyərkən Vətənə sevgisi ilə seçilən bir gənc olduğunu diqqətə çatdırmışdır. Nazir qeyd etmişdir ki, ulu öndər hələ Dövlət Təhlükəsizliyi Komitəsində işləyərkən, daha sonra 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrdə, eləcə də keçmiş Sovetlər İttifaqının rəhbərlərindən biri olarkən onun böyük idarəçilik qabiliyyəti, təşkilatçılıq bacarığı, Azərbaycana olan hədsiz sevgisi nəticəsində respublika mühüm nailliyyətlər qazanmışdır.
Vurğulanmışdır ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan bir dövlət kimi dünya xəritəsindən silinmək təhlükəsi qarşısında qalanda qədirbilən xalqımız yenə də ümidini bu böyük şəxsiyyətə bağladı. Məhz onun Azərbaycanda rəhbərliyə qayıdışı ilə ölkədə köklü dəyişikliklər baş verdi, respublikada ictimai-siyasi sabitlik bərqərar oldu, kriminogen durum nəzarət altına alındı. Ölkə müstəqilliyinin itirilməsi təhlükəsindən xilas edildi. Sonrakı illərdə müstəqil Azərbaycanda demokratik, hüquqi dövlətin qurulması, ölkəmizin beynəlxalq miqyasda nüfuz qazanması da Heydər Əliyev siyasətinin bəhrəsidir. Bir sözlə, Heydər Əliyevin bütün həyatı, fəaliyyəti xalqla, Azərbaycan dövləti ilə bağlı olmuşdur.
“Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur” mövzusunda məruzə edən Milli Məclisin deputatı, YAP icra katibinin müavini Mübariz Qurbanlı ulu öndərin Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin möhkəmləndirilməsi naminə gördüyü nəhəng işlərdən, xilaskarlıq missiyasından bəhs etmişdir.
M.Qurbanlı demişdir ki, ulu öndər Heydər Əliyev hələ dövlət təhlükəsizlik orqanlarında rəhbər vəzifələrdə işlədiyi dövrlərdə milli kadrların hazırlanmasında mühüm işlər görmüş, onun şəxsi təşəbbüsü ilə xüsusi xidmət orqanlarında azərbaycanlıların sayının artırılması prosesi başlanmışdır. Ulu öndər işlədiyi bütün dövrlərdə Azərbaycanın milli maraqlarının qorunması və milli özünüdərkin, milli şüurun inkişaf etdirilməsi üçün əvəzsiz xidmətlər göstərmişdir. Ümummilli lider Heydər Əliyevin xidmətlərindən biri də müxtəlif ixtisaslar üzrə kadrların hazırlanmasına böyük diqqət və qayğı göstərməsidir. Bundan əlavə, ulu öndər respublikada hərbi sahədə, təhlükəsizlik və polis orqanlarında zabit kadrları heyətinin hazırlanması məsələsinə də xüsusi diqqət yetirirdi.
Ümummilli lider Heydər Əliyevin Azərbaycanda yaratdığı iqtisadi baza, milli ruhlu kadrların yetişdirilməsi, xalqımızın öz tarixinə qayıtması və digər çox aktual məsələlər ermənilərlə ideoloji mübarizədə azərbaycanlıların öz hüquqlarının bərpası naminə mübarizəyə qalxmasına təkan vermişdir. Ulu öndər Heydər Əliyev hakimiyyət uğrunda deyil, xalq və dövlətçilik uğrunda mübarizə aparan lider olmuşdur. Bu baxımdan dövlət idarəçiliyində böyük irs qoyan ulu öndər həm Azərbaycan xalqının lideri, həm də onun istinad nöqtəsidir.
Tədbirin sonunda ümummilli lider Heydər Əliyevin 85 illiyinə həsr edilmiş referat müsabiqəsinin qalibləri və ulu öndərin irsinin öyrənilməsində fərqlənən müdavimlər mükafatlandırılmışlar. Daxili işlər nazirinin əmri ilə təhsil sahəsində qalib gəlmiş 3 müdavimin hər birinə 100 manat mükafat verilmişdir. Referat müsabiqəsində I, II, III yerləri tutmuş müdavimlərə də pul mükafatları təqdim olunmuşdur.
######
