HEYDƏR PARKININ VƏ ÜMUMMİLLİ LİDERİN ABİDƏSİNİN TƏNTƏNƏLİ AÇILIŞI
AZƏRTAC-ın müxbiri xəbər verir ki, avqustun 10-da Azərbaycan Prezidenti İlham Əliyev Salyan şəhərində Heydər parkının və xalqımızın ümummilli liderinin abidəsinin açılış mərasimində iştirak etmişdir.
Mərasimə toplaşmış minlərlə insan dövlətimizin başçısını və xanımını böyük hörmət və ehtiramla, alqışlarla qarşıladı. Sakinlərin əllərində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin portretləri, Azərbaycanın dövlət bayraqları, Prezidenti salamlayan şüarlar və ümummilli liderin müdrik kəlamları yazılmış transparantlar var idi.
Dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin parkda ucaldılmış abidəsinin üzərindən ağ örtüyü götürdü. Tuncdan hazırlanmış bu abidənin postamentlə birlikdə hündürlüyü 5 metrdən çoxdur. Abidə xalq rəssamı, akademik Ömər Eldarovun rəhbərliyi ilə heykəltəraş Akif Əsgərov tərəfindən hazırlanmışdır. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva abidənin önünə gül dəstələri qoydular.
Şəhərin mərkəzində 7 hektar ərazini əhatə edən, salyanlıların ulu öndərin xatirəsinə sonsuz hörmət və ehtiramının bariz nümunəsi olan bu parkda sakinlərin öz asudə vaxtlarını səmərəli keçirməsi üçün hər cür şərait yaradılmışdır.
Azərbaycan Prezidenti və xanımı parkı seyr etdilər, burada yaradılan səliqə-sahmandan razılıqlarını bildirdilər.