Hindistanda 2 avtobus dərəyə aşıb, ən azı 36 nəfər ölüb
Bakı, 1 iyul, AZƏRTAC
Hindistanda 2 avtobus qəzası nəticəsində ümumilikdə, 36 nəfər ölüb.
AZƏRTAC Hindistan KİV-lərinə istinadla xəbər verir ki, Kəşmir bölgəsində avtobusun dərəyə aşması nəticəsində ən azı 32 nəfər ölüb, 18 nəfər yaralanıb. Hadisə Kiştvar rayonu ərazisində səhər saatlarında baş verib. Polisin məlumatına əsasən, avtobusda nəzərdə tutulduğundan çox sərnişin olub. Qəzaya səbəb sürücünün döngədə idarəetməni itirməsi olub. Dərhal hadisə yerinə polis işçiləri, təcili tibbi yardım briqadaları və xilasedicilər cəlb olunub. Yaralıların xəstəxanalara tez çatdırılması üçün helikopterlərdən istifadə olunub. Qəza nəticəsində xəsarət alanlardan beşinin vəziyyəti ağır qiymətləndirilir.
Digər qəza isə Himaçal Pradeş ştatının Şimla rayonunda baş verib. Sərnişinlərinin çoxu məktəblilər olan avtobusun dərəyə aşması nəticəsində sürücü və 3 uşaq ölüb, 4 nəfər xəsarət alıb.