Hiroşimada Olimpiya məşəli estafeti koronavirus pandemiyası çərçivəsində məhdud formatda keçirilir
Tokio, 18 may, AZƏRTAC
Yaponiyanın Hiroşima şəhərində Olimpiya məşəli estafeti koronavirus pandemiyasına görə fövqəladə vəziyyətin tətbiqi çərçivəsində məhdud formatda keçirilir.
AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, Hiroşimadakı “Sülh” xatirə parkında təşkil edilən tədbirdə yürüş iştirakçıları məşəli bir-birinə tamaşaçıların iştirakı olmadan ötürüblər. Hiroşimada koronavirusla bağlı vəziyyət gərgin olduğuna görə, prefektura rəhbərliyi məşəl estafetini ictimai yollardan kənarda - II Dünya müharibəsi zamanı atom bombasının atıldığı ərazinin yaxınlığında yerləşən “Sülh” xatirə parkında keçirməyi qərara alıblar.
Estafetin Hiroşima seqmentinin birinci günündə məşəli 1964-cü ildə Olimpiya Oyunlarının açılış mərasimində böyük məşəli alovlandırmış Yoşinori Sakanin kiçik qardaşı Takayuki Sakai də yürüş iştirakçıları arasında olub. Mərasim ərəfəsində 74 yaşlı iştirakçı bildirib ki, o, Olimpiya Oyunlarında bu yarışları böyük ümidlə gözləyən qardaşının adından iştirak etmək istəyir.
Yaponiyada “atom bombalı balaca oğlan” kimi tanınan Y.Sakai 1945-ci il avqustun 6-da - atom bombasının Hiroşimaya atıldığı gün dünyaya gəlib. O, 2014-cü ildə - Yaponiyanın Tokio Yay Olimpiya Oyunlarına ev sahibliyi hüququ qazanmasından bir il sonra vəfat edib.
“Estafetin başqa formada keçirilməsinə baxmayaraq, mən məşəli bütün dünyada sülhün bərqərar olması, fəlakətin tezliklə dayanması üçün qardaşımla birlikdə yürüşün digər iştirakçılarına verdim”, - deyə T.Sakai bildirib.
Bununla yanaşı, atom bombardmanının 104 yaşlı şahidi Şyoci Tomihisa və 48 yaşlı yazıçı Kanae Minato da daxil olmaqla bəzi iştirakçıların Hiroşimada iki gün davam edəcək məşəl estafetində koronavirusun sürətlə yayılması təhlükəsinə görə iştirakdan imtina etdiyi də bildirilir.
Xatırladaq ki, Olimpiya məşəli estafetinə martın 25-də Yaponiyanın Fukuşima prefekturasında start verilib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio