İQTİSADİYYAT
HP: Ötən il neft-qaz sektoru iqtisadi artıma azaldıcı təsir edib
![HP: Ötən il neft-qaz sektoru iqtisadi artıma azaldıcı təsir edib](/files/2024/2/1200x630/17164560115395245088_1200x630.jpg)
Bakı, 23 may, AZƏRTAC
Dövlət Vergi Xidmətinin təmin olunan gəlirlərlə 2023-cü ilin sonuna yaranan artıq ödəmə məbləğinin il ərzində dövlət büdcəsinə daxil olan gəlirlərə faiz nisbəti ötən illə müqayisədə 0,8 faiz artaraq 11,9 faiz təşkil edib.
AZƏRTAC xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Hesablama Palatasının sədri bildirib ki, bu göstərici əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə azalıb.
“Belə ki, hesabat ilində artıq ödəmə məbləğinin dövlət büdcəsinə daxil olan gəlirlərə qarşı faiz nisbəti son on ilin orta göstərici ilə müqayisədə 12,3 faizdə çox azalıb”, - deyə V.Gülməmmədov vurğulayıb.
Həmçinin “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabatına Hesablama Palatasının rəyinə görə, ötən il neft-qaz ÜDM-i 45 milyard 344 milyon manata bərabər olub ki, bununla da sektorda real ifadədə 1,8 faiz azalma qeydə alınıb. Beləliklə, neft-qaz sektoru iqtisadi artıma 0,9 faiz bəndi azaldıcı təsir edib.
Azalma neft hasilatı ilə bağlı olub, əmtəəlik qaz hasilatı illik ifadədə 4,2 faiz artsa da, bu artım əmtəəlik neft hasilatının 7,6 faiz azalmasını tam neytrallaşdırmaq üçün kifayət etməyib. Yüksək neft-qaz qiymətləri fonunda dövlət büdcəsinin neft gəlirləri üzrə yüksək icra qeydə alınıb, neft-qaz sahəsində hasilatın pay bölgüsü üzrə podratçı təşkilatların ödədiyi mənfəət vergisi dövlət vergi xidməti xətti ilə təmin olunan neft gəlirlərinin 71,4 faizini təşkil edib.