HÜSEYN CAVİD - 120
ONUN ƏDƏBİ İRSİ ELƏ BİR DƏRYADIR Kİ...
Böyük filosof şair və dramaturq Hüseyn Cavidin 120 illik yubileyi ilə bağlı daha bir elmi seminar noyabrın 28-də Azərbaycan Dövlət Pedaqoji Universitetində keçirilmişdir.
Universitetin filologiya fakültəsinin dekanı, professor Həsən Balıyev AZƏRTAC-ın müxbirinə demişdir ki, klassik Azərbaycan ədəbiyyatı ənənələrinin inkişaf etdirilməsində və yeni çalarlarla zənginləşdirilməsində əvəzsiz xidmətləri olan Hüseyn Cavidin ədəbi-bədii irsi elə bir dəryadır ki, onun hər qətrəsi, hər damlası maraqlı elmi araşdırma mövzusu ola bilər. Bu mənada seminarda istər filologiya elmləri doktoru, professor Himalay Qasımovun “Hüseyn Cavidin şəxsiyyəti və sənətkarlığı”, filologiya elmləri namizədi Ramin Əhmədovun “Hüseyn Cavid dramaturgiyasına bir nəzər” mövzularında məruzələrində, istərsə də cavidşünas alimlərin çıxışlarında böyük dramaturqun ədəbiyyatımıza gətirdiyi yeniliklər, bəşəri mövzular barədə maraqlı məlumatlar verildi.
X x x
Hüseyn Cavidin 120 illiyi ilə bağlı daha bir maraqlı yubiley tədbiri Azərbaycan Müəllimlər İnstitutunda keçirilmişdir.
Tədbirə toplaşanlar əvvəlcə dahi sənətkarın həyat və fəaliyyətini, eləcə də onun cənazəsinin qalıqlarının qürbətdən gətirilib doğma Naxçıvan torpağına tapşırılmasını əks etdirən fotosərgi ilə tanış oldular.
İnstitutun rektoru, professor Məmmədhənifə Musayev və digər natiqlər Hüseyn Cavidin 120 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Prezidenti Heydər Əliyevin Sərəncamını ədəbiyyatımızın inkişafına dövlət qayğısının təzahürlərindən biri kimi dəyərləndirdilər, böyük ədibin zəngin ədəbi irsindən, XX əsr Azərbaycan ədəbiyyatına verdiyi qiymətli töhfələrdən danışdılar.
Hüseyn Cavidin cənazəsinin qalıqlarını uzaq Sibirdən Azərbaycana gətirən Həmid Cəfərov bu hadisə ilə bağlı xatirələrini söylədi, tədbir iştirakçılarını maraqlandıran suallara cavab verdi.
Mərasimdə tələbələrin ifasında ədibin şerləri və sözlərinə yazılmış mahnılar səsləndi.