İbadət yerlərində vakant vəzifələrin tutulması üçün müsahibə davam edir
Bakı, 16 fevral, AZƏRTAC
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən fevralın 13-dən İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün növbəti müsahibə prosesinə start verilib.
AZƏRTAC xəbər verir ki, fevralın 15-dək qadın dini ayinlərin icraçısı vəzifəsi üzrə namizədlərin müsahibəsi keçirilib.
Fevralın 16-dan başlayaraq isə imam və imam müavini vəzifələri üzrə 37 vakant yer üzrə müsahibə başlayıb.
Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ilahiyyatçılardan təşkil etdiyi müsahibə komissiyası tərəfindən aparılan müsahibə Azərbaycan İlahiyyat İnstitutunun binasında təşkil edilir. Qeydiyyatdan keçmiş hər bir namizədə müsahibənin keçiriləcəyi gün və saat haqqında fərdi qaydada məlumat verilib.
Müsahibənin nəticələri isə keçirildiyi gün ərzində komitənin rəsmi internet saytında (scwra.gov.az) yerləşdirilir. Uğur qazanmış namizəd təsdiq edilmiş qaydalara əsasən müsahibə bitdikdən sonra 30 iş günü müddətində Komitə sədrinin əmri ilə İslam dininə aid ibadət yerinə və ya ziyarətgaha rəsmi təyinat alır.
Xatırladaq ki, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəli gələn məsələlərin həlli məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası” hazırlanıb. Bu qaydaya əsasən Dövlət Komitəsi tərəfindən İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün mütəmadi olaraq müsahibələr təşkil edilir.