CƏMİYYƏT
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Medinex-2022” sərgisində xüsusi stendlə təmsil olunacaq
![İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Medinex-2022” sərgisində xüsusi stendlə təmsil olunacaq](/files/2022/3/1200x630/16668698602722837420_1200x630.jpg)
Bakı, 27 oktyabr, AZƏRTAC
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilk dəfədir ki, “Medinex-2022” sərgisinin rəsmi sponsoru qismində çıxış edir. Agentlik özü də sərgidə xüsusi stendlə təmsil olunur. Burada ziyarətçilər icbari tibbi sığortaya aid məsələlər haqqında ətraflı məlumat əldə edə biləcəklər.
AZƏRTAC xəbər verir ki, bunu “Medinex-2022” sərgisinə həsr olunan mətbuat konfransında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova deyib.
A.Əhmədova qeyd edib ki, “Medinex-2022” sərgisinin təşkili dövlət və özəl sektor arasında yeni tərəfdaşlıqların inkişafına, kommunikasiya münasibətlərinin güclənməsinə öz töhfəsini verəcək. Beləliklə, Azərbaycan səhiyyəsinin inkişafına, tibb sahəsindəki müasir təcrübələrə əsaslanan innovativ yeniliklərin ölkəmizin istər özəl, istərsə də dövlət tibb müəssisələrində tətbiqinə xidmət etmiş olacaq. Nəticə etibarı ilə tibb müəssisələrinin maddi-texniki təminatı daha da yaxşılaşacaq, bu da öz növbəsində ölkədə icbari tibbi sığortanın uğurlu tətbiqinə, əhaliyə daha keyfiyyətli tibbi xidmətlərin göstərilməsinə və vətəndaş məmnunluğunun artmasına imkan yaradacaq”.
İcbari tibbi sığortanın əsas məqsədinin əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin və əlçatanlığının artırılması olduğunu bildirən A.Əhmədova bütövlükdə səhiyyə sisteminin idarə edilməsində, tibbi avadanlıq, dərman istehsalında yeni innovativ texnologiyaların tətbiqinin qarşımıza qoyulan vəzifənin - icbari tibbi sığortanın tətbiqinə böyük töhfə verdiyini deyib.
“Tibbi xidmətlərin keyfiyyətinin artırılması əhalinin sağlamlıq vəziyyətinin yaxşılaşmasına xidmət edir. Tibdə yeni texnologiyaların tətbiqi tibbi xidmətlərin keyfiyyətini artırmaqla yanaşı nəticə etibarı ilə sonrakı mərhələlərdə tibbi xərclərin azalması deməkdir. Bu da əhaliyə daha çox sayda tibbi xidmətin göstərilməsi üçün maliyyə resurslarının həmin istiqamətdə ayrılmasına və beləliklə də, icbari tibbi sığortanın xidmətlər zərfinin əhatə dairəsinin genişləndirilməsinə öz töhfəsini verə bilər. Bu vəzifələrin yerinə yetirilməsində maraqlı tərəflərin hər biri ilə əməkdaşlıq etməyə hazırıq.
Sərgi yeni əməkdaşlıq əlaqələrinin qurulmasına və gələcək inkişaf perspektivləri üçün əlverişli platformadır. Ümid edirəm ki, burada keçiriləcək görüşlər, aparılacaq müzakirələr hər kəs üçün faydalı olacaq”, deyə A.Əhmədova bildirib.