“İçərişəhər” Qoruq İdarəsində qanvermə aksiyası keçirilib
Bakı, 28 aprel, AZƏRTAC
Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatı azaldığından Birinci vitse-prezident Mehriban Əliyevanın irəli sürdüyü qanvermə təşəbbüsünə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi də qoşulub.
İdarədən AZƏRTAC-a bildirilib ki, bu gün baş tutan qanvermə aksiyasında idarənin və onun qurumlarının rəhbərliyi və əməkdaşları iştirak ediblər. Aksiyada Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının səyyar tibb briqadasının həkim-hematoloqları donorların sağlamlıq vəziyyətini yoxladıqdan sonra müvafiq qaydada qan götürüblər.