“ICME-2023 Bakı” konfransına hazırlıq məsələləri müzakirə edilib
Bakı, 5 may, AZƏRTAC
Oktyabrda Bakıda keçiriləcək “ICME-2023” Tibb Təhsili üzrə Beynəlxalq Konfrans bu sahədəki yeniliklərlə bağlı tibb ictimaiyyətinin məlumatlandırılması və təcrübə mübadiləsinin aparılması baxımından böyük əhəmiyyət daşıyır.
Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu fikri universitetin rektoru, professor Gəray Gəraybəyli ICME konfransının prezidenti, Pakistanın Rifah Beynəlxalq Universitetinin Sağlamlıq və Tibb Elmləri Fakültəsinin dekanı, professor, general Azhar Raşid ilə görüşündə səsləndirib.
Rektor həmin konfransın müxtəlif ölkələrin tibb təhsili verən ali məktəbləri arasında əlaqələrin yaradılması və möhkəmələndirilməsinə xidmət edəcəyini vurğulayıb. O, tədbirin yüksək səviyyədə təşkilinə nail olmaq üçün artıq təşkilat komitələrinin fəaliyyətə başladığını da diqqətə çatdırıb.
Azhar Raşid də öz növbəsində Bakı toplantısının böyük uğurla keçəcəyindən əminliyini ifadə edib.
Sonra Rifah Beynəlxalq Universitetinin nümayəndə heyətinin ATU-nun “ICME-2023 Bakı” toplantısının təşkilat komitəsinin üzvləri ilə görüşü keçirilib. Tərəflər beynəlxalq tədbirin təşkili ilə bağlı vacib məsələləri müzakirə ediblər.
Qeyd edək ki, ICME konfransının əsas məqsədi tibb təhsili üzrə ekspertlər və pedaqoqları bir araya gətirməklə bu sahədəki son yenilikləri və standartları müzakirə etmək, təcrübə mübadiləsinin aparılması və bu sahədə beynəlxalq platforma yaratmaqdan ibarətdir.
Bu il nüfuzlu ICME konfransı oktyabrın 7-dən 10-dək Azərbaycan Tibb Universiteti və Pakistanın Rifah Beynəlxalq Universitetinin birgə təşkilatçılığı ilə Bakıda keçiriləcək.