İQTİSADİYYAT
İctimai iaşə xidmətləri azalıb
Bakı, 29 yanvar, AZƏRTAC
Dünyada koronavirus infeksiyasının sürətlə yayılması əksər ölkələrin turizm sektoruna da öz mənfi təsirini göstərib. Bu hal ölkəmizdə də müşahidə olunub və 2020-ci ildə turizm infrastrukturunun əsas elementlərindən olan ictimai iaşə müəssisələrinin göstəricilərində 2019-cu illə müqayisədə azalma qeydə alınıb. Səbəb koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizin ərazisində ictimai iaşə obyektlərinin fəaliyyətinə qoyulan məhdudiyyətlər, həmçinin Azərbaycan Respublikası ilə qonşu dövlətlər arasında dövlət sərhədində məhdudlaşdırıcı rejimin, eləcə də dünyanın əksər yerlərindən vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması ilə əlaqədar ölkəmizə gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayında müşahidə olunmuş kəskin azalma (2020-ci ilin mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr ayları 2019-cu ilin eyni ayları ilə müqayisədə müvafiq olaraq 2,6 dəfə, 12,1 dəfə, 9,9 dəfə, 12 dəfə, 13 dəfə, 11,5 dəfə, 7,7 dəfə, 7,8 dəfə, 6,6 dəfə, 6,3 dəfə) nəticəsində mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr aylarında 2019-cu ilin eyni ayları ilə müqayisədə ictimai iaşə xidmətlərinin həcminin azalması olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ötən ilin dekabr ayında ictimai iaşə dövriyyəsi 2019-cu ilin eyni ayı ilə müqayisədə 3,2 dəfə azalıb. Ümumilikdə, keçən il ictimai iaşə xidmətlərinin həcmi 2019-cu illə müqayisədə 2,2 dəfə azalaraq 759,6 milyon manat təşkil edib. Özəl sektorda ictimai iaşə dövriyyəsinin 46,5 faizi hüquqi şəxslərin, 53,5 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2019-cu illə müqayisədə 2 dəfə azalaraq 350,4 milyon manat təşkil edib.