İctimai Televiziya və Radio Yayımları Şirkəti 2019-cu ili yeni formatda qarşılayacaq
Bakı, 28 dekabr, AZƏRTAC
İctimai Televiziya və Radio Yayımları Şirkəti yeni ildən etibarən Azərbaycan tamaşaçısını tam fərqli formatda salamlayacaq.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, televiziyanın “Sabahın xeyir, Azərbaycan!” və “Dikdaban” səhər proqramları dekabrın 31-nə həsr edilən xüsusi bayram buraxılışı ilə efirdə olacaq. Səhər proqramları bayram günlərində, həmçinin biri-birindən maraqlı süjetlər təqdim edəcək.
Bayram günlərinə olan musiqi töhfəsi aşıq, muğam və xalq mahnılarından ibarət konsert proqramları ilə davam edəcək. İctimai Televiziya (İTV) xüsusi yayım hüququna sahib olduğu konsertlərin efirdə yayımını da davam etdirəcək. Belə ki, Xalq artisti Emin Ağalarovun “Bumeranq” adlı son konsertinin eksklüziv yayımı tamaşaçıların bayram əhvalına daha da xoş ovqat qatacaq.
Teleradionun yaradıcı kollektivi bayram günlərində balaca tamaşaçılarını da sevindirəcək. Uşaqların iştirakı ilə musiqili proqramlar, Yeni il mövzusunda cizgi və bədii filmlər nümayiş olunacaq.
Eksklüziv yayım kimi, bayram günlərində Azərbaycan Gimnastika Federasiyasının təşkil etdiyi yeni il şousu - “Ağbəniz və 7 cırtdan”ın nağılı da İTV-nin efirində göstəriləcək.
Televiziya bayram günlərində kinosevərlərə məşhur Azərbaycan kinoları və qış mövzusunda olan maraqlı xarici filmləri təqdim edəcək.
Bundan başqa, tamaşaçılar bayram axşamı İctimai Televiziya və Radio Yayımları Şirkətinin yeni istehsalı olan “Oxşarabad” adlı komediya janrında bədii filmi izləyəcəklər. Film Azərbaycanın bölgələrində Yeni il ərəfəsində incəsənət nümayəndələrinin iştirakı ilə əyləncəli macəradan bəhs edir. Tamaşaçılar filmdən sonra orada rol almış şou nümayəndələrinin iştirakı ilə konsert proqramını izləyəcəklər.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin ən əsas və möhtəşəm hədiyyəsi bayram gecəsi reallaşacaq. Teleradio gecə saat 0:00-da rebrendinq edərək tamamilə yenilənmiş siması və təzə loqosu, eləcə də ən sevilən verilişləri, eksklüziv yayımları ilə yeni mövsümünə start vermiş olacaq. Bununla da İctimai Televiziya və Radio Yayımları Şirkəti, həmçinin İTV tamaşaçıları 2019-cu ili yeni format və sima ilə qarşılayacaq.