İDARƏ ETMƏK BACARIĞI GÜNÜN PROBLEMİDİR
AZƏRTAC xəbər verir ki, aprelin 28-də “Park İNN” hotelində “Müasir dövlət müəssisəsinin idarə olunması” mövzusunda forum keçirilmişdir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi və “FORS - Tədqiqat Mərkəzi” şirkətinin, “Oracle” korporasiyasının MDB ölkələrindəki nümayəndəliklərinin və HP Azərbaycan şirkətinin birgə təşkilatçılığı ilə təşkil olunmuş tədbirdə bölmə və departament rəhbərləri, informasiya texnologiyaları üzrə direktorlar, informasiya və biznes təhlili işi üzrə mütəxəssislər iştirak etmişlər.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin informasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri Rüfət Gülməmmədov texnologiyaların dövlət idarəçiliyi sisteminə tətbiqinin aktuallığını vurğulayaraq demişdir ki, həmin istiqamət rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramında geniş əks olunmuşdur. O xatırlatmışdır ki, son vaxtlar Vergilər Nazirliyində, Gömrük Komitəsində, Mərkəzi Seçki Komissiyasında, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında və sairdə elektron hökumət barədə qərarlar geniş tətbiq edilmişdir.
“FORS - Tədqiqat Mərkəzi” şirkətinin prezidenti Aleksey Qolosov bildirmişdir ki, Azərbaycan bazarı şirkət üçün çox əhəmiyyətlidir. Təsadüfi deyildir ki, “FORS-Mərkəz” MDB məkanında öz nümayəndəliyini yalnız Azərbaycanda açmışdır. Bu sahədə böyük təcrübəsi olan şirkət “Oracle” və HP şirkətləri ilə sıx əməkdaşlıq şəraitində dövlət idarəçiliyi sisteminə informasiya texnologiyalarını daha səmərəli tətbiq etməkdə Azərbaycana yardımçı olmaq niyyətindədir.
MDB-də “Oracle”nin texnologiyalar və informasiya təhlükəsizliyi təminatının proqram məhsulları üzrə direktoru Dmitri Şepelyavıy dövlət layihələrinin informasiya təhlükəsizliyi imkanlarından danışmışdır. HP-nin texniki məsləhətçisi Nəcəf Hümbətov “HP İntegrity-nin “Oracle”nin məlumat bazası üçün həlləri”ni təqdim etmiş, təşkilatlarda məlumat bazalarının tipik problemlərini qeyd etmiş, onların aradan qaldırılması üçün HP-nin proqram-aparat həllərindən danışmışdır.