İdarə rəisi: Məqsədimiz işğaldan azad olunmuş ərazilərdə hüquqi və institusional islahatları gücləndirməkdir VİDEO
Ağdam, 15 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC
Bu gün doğma Ağdamımızda, işğaldan azad olunmuş əziz torpağımızda “Konstitusiya və suverenlik: Hüquqi dövlətin təməli” adlı konfransın keçirilməsi bizim üçün həm hüquqi, həm də mənəvi baxımdan böyük əhəmiyyət daşıyır. Belə bir tədbiri məhz bu torpaqlarda qeyd etməyimiz həm rəmzi məna daşıyır, həm də böyük qürur hissi yaradır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Ağdam şəhərində jurnalistlərə müsahibəsində Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov deyib.
Nemət Əvəzov bildirib ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu suverenliklə bağlı məsələləri daim diqqət mərkəzində saxlayıb. “Əsas məqsədimiz prokurorluq olaraq işğaldan azad edilmiş hər bir ərazidə hüquqi və institusional islahatları gücləndirmək, vətəndaşlarımızın hüquq və azadlıqlarının təmininə töhfə verməkdir. Bu kontekstdə hər bir prokurorluq əməkdaşının üzərinə böyük vəzifələr düşür. Baş Prokurorluq olaraq, bu vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışırıq və bu prosesi gündəlik davam etdiririk”.