İQTİSADİYYAT
İİndiyədək 45 minə yaxın kiçik dövlət müəssisəsi və obyekt özəlləşdirilmişdir
Bakı, 5 may (AZƏRTAC). İndiyədək özəlləşdirmə proqramları çərçivəsində 45 minə yaxın kiçik dövlət müəssisəsi və obyekt, 5 min 300-dən çox müəssisə və obyektin yerləşdiyi torpaq sahələri, investisiya müsabiqəsi vasitəsilə 100-ə yaxın dövlət müəssisəsi özəlləşdirilmişdir.
Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov “Heydər Əliyev və Azərbaycanda mülkiyyət islahatları” mövzusunda keçirilən elmi-praktik konfransda demişdir.
Komitə sədri qeyd etmişdir ki, investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilmiş müəssisələrə 825 milyon manatdan çox investisiya qoyulmuşdur. Bu müəssisələrdə 16 min 200-dən çox yeni iş yerləri yaradılmışdır. Fəaliyyət dövründə 850 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır.