İki isveçli Danimarkada terror cinayətlərində şübhəli bilinir
Stokholm, 6 oktyabr, Nərgiz Cəfərli, AZƏRTAC
İsrailin Kopenhagendəki Səfirliyinin yaxınlığında baş vermiş partlayışdan sonra terror aktlarında şübhəli bilinən iki isveçli polisin keçirdiyi irimiqyaslı əməliyyat nəticəsində saxlanılıb.
AZƏRTAC xəbər verir ki, 16 və 19 yaşlı yeniyetmələrin əllərində 5 qumbara olub, onlardan ikisi səfirliyin yaxınlığında atılıb.
Prokuror Soren Harbonun sözlərinə görə, saxlanılanlar müstəqil hərəkət etməyiblər. Yeniyetmələr Stokholmda yaşayır və əvvəllər ağır cinayətlərdə şübhəli bilinməyiblər və heç vaxt məhkum olunmayıblar. Danimarka polisi İsveç və Almaniya ilə sərhədlərdə nəzarəti gücləndirmək qərarına gəlib. Tədbirlər “həyat üçün təhlükəli cinayətlərin” qarşısının alınması məqsədilə nəqliyyat vasitələrinin və sərnişinlərin təsadüfi yoxlanılması yolu ilə həyata keçirilir.
“Son hadisələr, təəssüf ki, Danimarkada terror təhlükəsinin ciddi olduğunu təsdiqləyir. Biz vəziyyəti diqqətlə izləyirik, ümumi təhlükəsizliyə təhdidi qiymətləndiririk və daim lazımi tədbirlər görürük”, - deyə polis rəisi Peter Ekebyerq bildirib.
Digər 19 yaşlı İsveç vətəndaşı da saxlanılıb, lakin sonra sərbəst buraxılıb və o, artıq şübhəli şəxs hesab edilmir.