İKİ PAYTAXT ARASINDA VİDEOKÖRPÜ: MOSKVA HEYDƏR ƏLİYEVİ XATIRLAYIR
AZƏRTAC xəbər verir ki, mayın 6-da Bakıdakı “Novosti” və Moskvadakı “RİA Novosti” mətbuat mərkəzləri arasında ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş Bakı-Moskva videokörpüsü təşkil olunmuşdur. Dialoqda Azərbaycan tərəfindən Azərbaycan Respublikası Prezidenti yanında Strateji Tədqiqatlar Mərkəzinin direktoru Elxan Nuriyev, Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayev, AMEA-nın müxbir üzvü, Bakı Slavyan Universitetinin rektoru, filologiya elmləri doktoru Kamal Abdullayev iştirak etmişlər.
Moskvada Heydər Əliyevlə bağlı xatirələrlə musiqişünas Janna Dozortseva, Heydər Əliyev haqqında bioqrafik kitabın müəllifi, yazıçı Viktor Andriyanov, Rusiya-Azərbaycan Dostluq Cəmiyyətinin vitse-prezidenti Aleksandr Romaşin, keçmiş Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, general-leytenant Aleksandr Kovtunov bölüşmüşlər.
J.Dozortseva Heydər Əliyev haqqında xatirələrini bölüşərək bildirmişdir ki, əgər insan istedadlıdırsa, bu, hər sahədə özünü göstərir. Məsələn, əgər Heydər Əliyev təbabətdən danışırdısa, sanki ömrü boyu yalnız bu sahədə işləmişdir. Digər sahələrdə də belə idi. Odur ki, Heydər Əliyevin mədəniyyət və incəsənətdən kənarda qala biləcəyini təsəvvür etmək mümkün deyildi. J.Dozortseva demişdir: “Onun hər bir əməli respublikanın mədəni inkişafının strateji planı idi. Başqa sözlə, bu, xalqın xoşbəxtliyi idi”.
General-leytenant Aleksandr Kovtunov ümummilli liderin bənzərsiz insani keyfiyyətlərindən danışmışdır. Bu mövzunu davam etdirən Çingiz Abdullayev vurğulamışdır ki, ölkəmizin tarixində ulu öndərə bərabər şəxsiyyət olmamışdır. Ç.Abdullayev demişdir: “64 yaşında onu istefa verməyə məcbur etdilər. Güman etmək olardı ki, kin saxlayacaqdır. Lakin 1993-cü ildə respublikaya rəhbərliyə qayıdan Heydər Əliyev onun xətrinə dəyənlərə dostcasına münasibət bəslədi. Azərbaycan Müstəqil Dövlətlər Birliyinə ulu öndərin təşəbbüsü ilə daxil oldu, gəncləri Rusiyaya təhsil almağa Heydər Əliyev göndərirdi. Heydər Əliyevin bir də ona görə tayı-bərabəri yox idi ki, o, həmişə xalqa arxalanırdı. Xalq Heydər Əliyevin rəhbərliyə qayıdışını böyük sevinc və fərəh hissi ilə qarşıladı”. Bu görünməmiş hadisə idi.
Telekörpüdə həmçinin Elxan Nuriyev, Kamal Abdullayev, Aleksandr Romaşin, Viktor Andriyanov da çıxış etdilər.
