İKİ YOL-NƏQLİYYAT HADİSƏSİNDƏ ALTI NƏFƏR ÖLMÜŞDÜR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Lənkəran şəhərinin N.Əliyev küçəsində Masallı rayon sakini Cəsarət Kərimovun idarə etdiyi “Nissan-Murano” markalı və Cəlilabad rayon sakini Mehdi Mehdiyevin sürdüyü “VAZ-2107” markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə M.Mehdiyevin arvadı Ülkər hadisə yerində ölmüş, “VAZ-2107”-nin xəsarət almış sürücüsü və digər sərnişinlər - həmyerliləri Sərraf Əliyev, onun arvadı Gülnaz, Nurlan Mehdizadə xəstəxanaya yerləşdirilmişlər. S.Əliyev və Gülnaz orada ölmüşlər.
Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun ərazisində Afət Allahverdiyevin idarə etdiyi “VAZ-2106” markalı və Elxan Alməmmədovun idarə etdiyi “VAZ-21011” markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə “VAZ-2106”-nın sürücüsü və sərnişini Anar Rəsulov, habelə ikinci nəqliyyat vasitəsində olan sərnişin Hidayət Hüseynov hadisə yerində ölmüş, xəsarət almış 3 nəfər isə xəstəxanaya yerləşdirilmişdir. Hər iki faktla bağlı cinayət işi başlanmışdır, araşdırmalar aparılır.