İkinci S-400 batareyasının Türkiyəyə çatdırılmasına başlanılıb
Bakı, 27 avqust, AZƏRTAC
Moskva S-400 zenit-raket komplekslərinin ikinci batareyasının elementlərini Türkiyəyə çatdırmağa başlayıb.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb. “Rusiyadan gələn təyyarə “Mürtəd” aviabazasına enib. S-400 zenit-raket komplekslərinin ikinci batareyasının ölkəyə çatdırılması bir ay davam edəcək”, - deyə Türkiyənin hərbi qurumundan bildiriblər.
İyul ayında komplekslərin birinci batareyası 30 yük təyyarəsi ilə Türkiyəyə gətirilmişdi.
Xatırladaq ki, 2017-ci ilin dekabr ayında Türkiyə və Rusiya S-400 “Triumf” zenit-raket komplekslərinin satın alınmasına dair 2,5 milyard dollar həcmində kredit sazişi imzalayıb. Sazişə əsasən, Moskva Ankaraya dörd zenit-raket kompleksi divizionu çatdırmalıdır.
Rusiyanın ən yeni hava hücumundan müdafiə sistemlərindən biri olan S-400 zenit-raket komplekslərinin alınması Türkiyə və ABŞ arasında beynəlxalq qalmaqala səbəb olub. Birləşmiş Ştatlar Ankaradan bu sövdələşməni dayandırmağı və əvəzində ABŞ istehsalı olan “Patriot” zenit-raket komplekslərini almağı tələb edib. Əks-təqdirdə Vaşinqton F-35 qırıcı təyyarələrinin Türkiyəyə satışının ləngidiləcəyini və ya tamamilə dayandırılacağını istisna etməyib.
Uzaq məsafəli zenit-raket sistemi - S-400 “Triumf” (NATO kodifikasiyasına görə SA-21 Growler) 2007-ci ildə Rusiyada silahlanmaya qəbul olunub. O, aviasiya vasitələrini, qanadlı raketləri, o cümlədən orta təsir radiuslu ballistik raketləri, həmçinin yerüstü obyektləri məhv etmək üçün nəzərdə tutulub. Hərəkət məsafəsi 400 kilometrə çatan zenit-raket sistemi hədəfi 30 kilometrədək hündürlükdə vura bilir.
Türkiyə Belarus və Çindən sonra “Triumf” zenit-raket kompleksləri alan üçüncü ölkədir. Yaxın vaxtlarda onlara Hindistanın da qoşulacağı gözlənilir.