İKT SEKTORUNDA İSTEHSAL OLUNMUŞ MƏHSUL VƏ GÖSTƏRİLMİŞ XİDMƏTLƏRİN HƏCMİ 47,6 FAİZ ARTMIŞDIR
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, bu ilin birinci rübündə informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunun müəssisələri tərəfindən istehsal olunmuş məhsul və göstərilmiş xidmətlərin həcmi 218,5 milyon manat olmuş və 47,6 faiz artmışdır.
Hesablayıcı elektron maşınlarının və informasiyanı işləmək üçün digər avandanlığın istehsalında 4,5 dəfə, ötürücü cihazların istehsalında 2,2 dəfə, nəzarət-ölçü cihazlarının istehsalında 3 dəfə, texnoloji proseslərin tənzimlənməsi və nəzarət cihazlarının quraşdırılmasında 2,4 dəfə, səsi və təsviri qəbul etmək, yazmaq və göstərmək üçün cihaz istehsalında 3,7 dəfə, elektrik məişət mallarının və radio-televiziya aparatlarının topdansatışında 2,3 dəfə artım olmuşdur. Artım kompyuterlərin və kompyuter periferiya avadanlığının topdansatışı və proqram təminatında 2,1 dəfə, məlumat bazaları ilə əlaqədar fəaliyyətdə 2 dəfə, hesablama texnikasının və ofis maşınlarının təmiri, onlara texniki xidmət göstərilməsində 9,8 dəfə, əlavə məsləhətlər və proqram təminatında 52,7 faiz, elektrik rabitəsində 45,9 faiz, elektron və radioelementlərin istehsalında 61 faiz təşkil etmişdir.
Bu sahədə çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 6,3 faiz artaraq 27,3 min nəfər olmuş, onların orta aylıq əmək haqqı isə 38,4 faiz yüksələrək 322,4 manat təşkil etmişdir.