CƏMİYYƏT
İl ərzində da DSMF-nin elektron xidmətlərindən 130 mindən çox vətəndaş istifadə edib
Bakı, 25 iyul (AZƏRTAC). Azərbaycanın sığorta-pensiya sistemi ölkə əhalisinin 40 faizindən çoxunu əhatə edir və Dövlət Sosial Müdafiə Fondunun mərkəzi məlumat bazasında 1 milyon 283 min nəfər pensiyaçı və 2 milyon 816 min nəfərdən çox sığortaolunan barədə müvafiq məlumatlar toplanıb.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev jurnalistlərə müsahibəsində deyib.
Fondun sədri bildirib ki, hazırda Azərbaycanda müasir avtomatlaşmış əsaslarla fəaliyyət göstərən sığorta-pensiya sistemi mövcuddur və informasiya texnologiyalarının uğurlu tətbiqi nəticəsində bu ilin birinci yarısında Fond tərəfindən əlavə olaraq daha 5 elektron xidmət istifadəçilərin ixtiyarına verilib. Son 6 ayda DSMF-nin həm öz saytı (www.dsmf.qov.az), həm də “elektron hökumət portalı” (www. e-qov.az) vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 500 min vətəndaş yararlanıb. İl ərzində bilavasitə “elektron hökumət portalı”na inteqrasiya olunan elektron xidmətlərdən 130 mindən çox vətəndaş istifadə edib.